Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti orduyla bağlı ittihamlara cavab verdi Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti orduyla bağlı ittihamlara cavab verdi

"Lotu Bəxtiyarın qohumu 4 hərbi qulluqçunu güllələmişdi"

Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti orduyla bağlı ittihamlara cavab verdi



"Hərbi xidməti bitmək üzrə olan əsgərin ölüm səbəbini orduda axtarmaq doğru deyil"


Məlum olduğu kimi, son vaxtlar Azərbaycan ordusunda baş verən ardıcıl əsgər ölümləri ilə bağlı diskusiyalar və gərgin müzakirələr aparılır. Hətta bununla bağlı bir qrup gənc martın 10-da paytaxtda böyük səs-küyə səbəb olmuş etiraz aksiyası da təşkil etdi. Baş verənlərlə bağlı Müdafiə Nazirliyinin ümumi açıqlamadan kənar heç bir münasibət bildirməməsi isə narahatlıq doğurur. Məsələnin ciddiliyini nəzərə alaraq orduda baş verənlərlə bağlı peşəkar zabitlərin mövqeyini öyrənməyə çalışdıq. Bir çoxlarına müraciət etsək də onlar bu və ya digər şəkildə suallarımızı cavablandırmaqdan yayındılar. Nəhayət, Müdafiə Nazirliyinin zabiti polkovnik Rövşən Məhərrəmov ordudakı son durum və baş verən əsgər ölümləri ilə bağlı suallarımızı cavablandırmağa razı oldu. Onunla geniş müsahibəni diqqətinizə çatdırırıq.

- Orduda nə baş verir? Ordunun mövcud vəziyyətini necə qiymətləndirirsiniz?

- Ordu quruculuğu yüksək səviyyədə davam edir. Əvvəlki illərlə müqayisədə çox şey dəyişib. Ordu ən ağır günlərini artıq çoxdan arxada qoyub. İndi bir çox sahələrdə, o cümlədən, əsgərlərin yemək, paltar təminatında, zabit ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması sahəsində çox iş görülüb. Bununla belə neqativ hallar hər yerdə var, bu baxımdan ordu da istisna deyil. Təbii ki, ətrafda baş verən hadisələr ordu quruculuğundan da yan ötməyəcək. Orta və ya ali məktəbi bitirib orduya xidmət etməyə göndərilən cavanların hər biri ayrı-ayrı ailədən gəlir, fərqli tərbiyə görürlər. Aralarında ziyalı övladı da olur, akademik oğlu da, avtoritetlərin uşaqları da. Məsələn, bir neçə il əvvəl Lotu Bəxtiyarın yaxın qohumu hərbi hissədə 4 hərbi qulluqçunu güllələdi və mən onu Sumqayıtda əlisilahlı yaxaladım. Bu adam üçün adam güllələmək adi bir haldır.

Bakı şəhərində kriminal statistikaya baxmaq kifayətdir ki, yetkinlik yaşına çatmadan cinayət törədib həbsxanaya düşən onlarla uşaq, yeniyetmə görək. Onların bəziləri məhz uşaq tərbiyə müəssisələrindən çıxandan sonra orduya çağırılır. Beləliklə, yetərli təlim-tərbiyə görməyən və adi hərbi hazırlığı olmayan gənclər ordu sıralarına çağırılır. Belələrini bir döyüşçü kimi tərbiyə etmək vəzifəsi isə komandir heyətinin üzərinə düşür. İndi özünüz təsəvvür edin, 18-19 ildə heç bir vətənpərvərlik tərbiyəsinə malik olmayan gənclərə hərbi hissələrdə çətin döyüş tapşırıqları verilir. Məsələn, belə gənc əlində silah düşmənin bir addımlığında döyüş növbəsi çəkir. Bu vaxt isə müəyyən psixoloji sarsıntılar keçirir. Çətinliyə dözümü olmayanlar isə bəzi hallarda intihara əl atır.

- İntiharlar arasında hərbi xidməti başa çatdırmaq üzrə olanlar da vardı. Bu səbəbdən bəlkə günahı dözümsüzlükdə deyil, başqa səbəbdə axtarmaq lazımdı?

- Gəncləri ordu həyatına mənəvi-psixoloji baxımdan hazırlamaq lazımdır. Sizi inandırıram ki, bütün problemlər məhz bundan qaynaqlanır. Əsgər orduya gələndə silah tutmağı bacarmalıdır. Bunu ona məktəb öyrətməlidir. Ancaq məktəblər vəzifəsini ya yerinə yetirmir, ya da yetirə bilmir. Nəticədə gənclərin nəinki silah haqqında təsəvvürü olmur, orduya gələndə heç vətənpərvərlik hissi də formalaşmamış olur. Bilirsiniz niyə? Çünki hərbi dərsləri idman müəllimlərinə həvalə edirlər. Bir vaxtlar məktəblərdə yaxşı hərbi hazırlıq dərsləri keçirilirdi. İndi bu yoxdur. Başqa bir tərəfdən, bu cür neqativ hallar, intiharlar bütün dünya ordularında var. Heç bir cəmiyyətdə baş verənlər bizdəki qədər şişirdilmir. Bəla orasındadır ki, belə məsələlərdə məhz ordudan xəbəri olmayan adamlar danışır. Bu adamlar yaxşıları nümunə göstərib vətənpərvərlik hisslərinin formalaşdırmağa çalışsalar, daha yaxşı olmazmı? Mübarizi niyə nümunə göstərmirik? O da ordudan çıxıb. Onun barəsində bir ara böyük təbliğat getdi. Nəticədə orduya axın başladı, sonra yenə dayandı.

- Bəlkə Mübarizin qəhrəmanlığından ruhlanıb orduya gedənlər həmin ruhu orda görmədi, bu səbəbdən axın dayandı?

- Xeyr. QHT nümayəndələri mütəmadi olaraq hərbi hissələrə gedir. Hamıya məlumdur ki, regionda ən güclü ordu Azərbaycana məxsusdur. Əsgərlərimiz düşmənlə üz-üzə gecə-gündüz keşik çəkirlər. Onların arasında hərbi xidmətini uğurla başa vuranların sayı daha çoxdur, nəinki qəza keçirən və ya intihar edənlərin. İntihar faktlarına gəlincə, qeyri döyüş şəraitində bu cür faktlar qeydə alınır. Məsələn, əsgər məzuniyyətdə olarkən hansısa hadisə baş verə bilər. Ya da zabit istirahət günündə balıq tutmağa gedər və suda boğular. Hansı ki, belə bir hadisə olmuşdu. İntihar halları ordudan kənarda da baş verir. Orduda hərbi xidməti bitmək üzrə olan əsgərin ölüm səbəbini orduda axtarmaq doğru deyil. 35 ildir qulluq edirəm. Təcrübəm əsasında deyirəm ki, hərbi xidməti bitməyə 1 ay qalmış əsgəri heç kim incidə bilməz. Əsgərlərin yaxınları ilə telefon əlaqəsi məhdud olur. Buna baxmayaraq, valideyn əsgərlə danışanda oğluna sevdiyi qızın ərə getdiyini deyir. Ya da ailədə baş verən hər hansı fəlakət barədə danışırlar. Əsgər hərbi xidmətdə çətinliklə üzləşir. Demirəm ki, çətinliklər yoxdu. Var, ancaq intihar məhz ailələrdən verilən xəbərlərə görə gerçəkləşir. Ötən il Amerika ordusunun Əfqanıstanda intihar edən əsgərlərinin sayını açıqlamışdılar. Həmin açıqlamada 350 nəfərin ölümündən söhbət gedirdi. Üstəlik, onlar peşəkardırlar və psixoloji hazırlıq səviyyəsinə görə bizim 18 yaşlı uşaqlarımızla müqayisə belə edilə bilməzlər.

- Ancaq Azərbaycan əsgərinin indiki vəziyyəti ilə Amerika əsgərinin Əfqanıstandakı durumu da müqayisə edilə bilməz...

- Doğrudur. Azərbaycan əsgərinin hər bir şəraiti təmin edilib. Ancaq yenə də deyirəm ki, Azərbaycan ordusunun deyildiyi qədər də böyük problemi yoxdur. Baş verən odur ki, axır vaxtlar Müdafiə Nazirliyinin ünvanına bütün mətbuat orqanlarında müxtəlif səviyyələrdə fikirlər səslənir. Yaşar Cəfərli "Ehtiyatda olan Zabitlər" İctimai Birliyi yaradıb. Neçə nəfər üzvü var bu birliyin? Halbuki 10 minlərlə ehtiyatda olan zabit var. Həmin zabitlər arasından bir neçə nəfəri onun ətrafında toplaşıb. Bəs, onlar kimlərdir? Heç başqalarını demirəm, Yaşar Cəfərli xidmətə uyğunsuz olduğuna görə vəzifəsindən azad edilmiş şəxsdir. Bir vaxtlar Müdafiə Nazirliyinin aparatında mühüm postlardan birini tutan həmin Yaşar Cəfərli həmin vaxtlar ordu ilə bağlı yüksək fikirdə idi. Amma yol verdiyi nöqsanlara görə vəzifəsi kiçildirilərək cəbhə xəttində yerləşən hərbi hissələrdən birinə göndərəndə, birdən-birə orduya münasibəti dəyişdi. Özü kimi səriştəsiz, qabiliyyətsiz həmkarlarını öz ətrafına cəlb edərək təcrübəli, yüksək rütbəli zabitləri ləkələməyə başladı. Generalları aksiyaya çağırmaq nə deməkdir, axı?

Ruhiyyə
AzNews.az