Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı statistik məlumatlar açıqlanıb. Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı statistik məlumatlar açıqlanıb.

Rezidenturaya qəbul imtahanının nəticələri ilə bağlı məlumatlar

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı statistik məlumatlar açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən AzNews.az-a verilən məlumata görə, aprelin 1-də Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbulun baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanını keçirmişdir. İmtahanda iştirak etmək üçün ərizə vermiş 1092 namizəddən 17 nəfəri imtahana gəlməmiş, 1 namizəd isə imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunmuşdur. İmtahanda 605 namizəd (ATU-nun hərbi tibb fakültəsinə sənəd verənlər istisna olmaqla) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ qazanmışdır. Ən yüksək nəticə (toplanılması mümkün olan 100 baldan) müalicə işi, pediatriya istiqaməti üzrə 84 bal, stomatologiya istiqaməti üzrə 73 bal, tibbi profilaktika istiqaməti üzrə 75 bal olub.

Namizədlərə baza fənləri – insan anatomiyası, histologiya, insan fiziologiyası, patologiya (patoloji anatomiya, patoloji fiziologiya), mikrobiologiya, farmakologiya və biokimya – üzrə 100 test tapşırığı təqdim olunmuşdur. İmtahanda istifadə olunan 100 (yüz) test tapşırığından 10-u (İnsan fiziologiyası fənni və Patologiya bloku üzrə) açıq formalı (hər blok üzrə ayrılıqda 2-si uyğunluğun müəyyən edilməsini tələb edən, 3-ü isə seçim tipli) olmuşdur. Namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilmiş, səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərməyib.

Xatırladaq ki, rezidenturaya qəbul imtahanının II mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) Bakı və Naxçıvan şəhərlərində iyulun 8-də keçiriləcəkdir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün namizədlər iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər.

*_Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə sənəd verənlərin nəticələri nəzərə alınmayıb.

Cədvəldən göründüyü kimi, 2017-ci illə müqayisədə 2018-ci ildə müalicə işi, pediatriya və stomatolgiya istiqamətləri üzrə müsabiqə şərtini ödəyən (40 və daha çox bal toplamış) namizədlərin sayı azalmış, tibbi profilaktika istiqaməti üzrə isə artmışdır.

Beləliklə, ballar üzrə histoqramı təqdim edirik (ATU-nun hərbi tibb fakültəsinə sənəd verənlərin nəticələri istisna olmaqla):

2018/2019-cu tədris ili üçün rezidenturaya qəbulun baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının statistik göstəriciləri

Namizədlərin nəzərinə çatdırmaq istəyirik ki, 2011-2017-ci illərdə müsabiqə nəticələrinə görə formalaşmış keçid balları haqqında məlumatı həmin illərdə nəşr olunmuş müvafiq ”Rezidentura” jurnallarından əldə etmək olar.

Məlumat üçün bildiririk ki, keçid balı müsabiqə nəticəsində hər ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan namizədin balına bərabər olan göstəricidir. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balı müvafiq ixtisası öz ərizəsində göstərən namizədlərin sayı, ixtisas üzrə plan yerləri və namizədlərin imtahan nəticələri əsasında formalaşdığından hər il dəyişir.

Qeyd edək ki, iyun ayında rezidenturaya qəbulun II mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) üzrə sınaq imtahanının keçirilməsi (09 iyun 2018-ci il) və “Rezidentura” jurnalının 3-cü nömrəsinin nəşr olunması planlaşdırılır. Jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbulun ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı və ixtisas seçimi haqqında elan, 2018/2019- cu tədris ili üçün rezidenturaya qəbul aparılan ixtisaslar, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2017-ci ildə rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid balları, eləcə də digər yeniliklər haqqında ətraflı məlumat dərc ediləcəkdir.