Kursantın ölümüylə bağlı ekspertiza rəyi niyə açıqlanmır?

“Ekspertizanın rəyi ilə maraqlandıq, dedilər ki...”



Martın 2-də gecə saat 03.05 dəqiqədə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə vəfat etmiş kursant Əmikişiyev Raqil Arazxan oğlunun vəfatının səbəbləri ilə bağlı ekspertiza rəyi hələ də açıqlanmayıb.

Kursantın qardaşı Rabil Əliyev AzNews.az-a açıqlamasında bildirib ki, əvvəlcə ekspertiza rəyinin martın 14-də açıqlanacağı bildirilsə də, sonradan bu tarix dəyişdirilib: "Biz özümüz də istədik ki, dəqiq ekspertiza aparılsın. Bizə də bildirdilər ki, 20 günə nəticələr məlum olacaq. Ancaq sonra martın 14-də açıqlanacağını dedilər. Biz də bu gün ekspertizanın rəyi ilə maraqlandıq, dedilər ki, martın 20 - nə qədər rəy veriləcək".

Xatırladaq ki, kursant Raqil Əmikişiyev 3-cu kursda oxuduğu liseydə gecə yatdığı yerdə qəflətən halı pisləşib və tibb məntəqəsinə aparılarkən yolda keçinib. Ailəsi isə onun tam sağlam və nümunəvi tələbə olduğunu bildirərək ölümünün müəmmalı olduğunu düşünür.

Elnarə Əlosmanqızı
AzNews.az