Əli Əhmədov: “Mənzillər tikilməlidir”



"Hökumətin hesabatını qənaətbəxş hesab edirəm. İqbal Ağazadənin ərzaq təhlükəsizliyi ilə bağlı dedikləri ilə razılaşmıram. Azərbaycanda ərzaq təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Azərbaycanda 15 il əvvələ nəzər salsaq, görərik ki, əhali aldığı maaşın 80-85%-ni zəruri tələbatlara xərcləyirdi. İndi isə belə deyil". Bunu YAP-ın sədr müavini Əli Əhmədov deyib. YAP-çı deputat bildirib ki, indiki dövrdə əhali aldığı əmək haqqının xərclənməsində daha çox maddi tələbatlara üstünlük verir:

"Bu da müsbətə doğru dəyişikliklərin əhəmiyyətli bir hissəsidir. İnkişaf templərindən biri də əhalinin gəlirlərinin artmasında görünür. Buna baxmayaraq, ölkə inkişaf etdikcə, əhalinin tələbatları artır. Pul gəlirləri sürətlə çoxalır. Hökumətin qarşısında duran vəzifələrindən biri də həkimlərin, müəllimlərin əmək haqlarının artırılmasıdır".

Ə.Əhmədov qeyd edib ki, ölkədə mənzil problemi aradan qaldırılmalıdır:

"Az təminatlı ailələrə evlər verilməsi üçün ucuz mənzil tikintisi stimullaşdırılmaldır, bir də sərfəli kreditlər verilməlidir. Valideynlərindən məhrum olmuş uşaqlar da dövlətin diqqətindədir. Bunun üçün mənzillər tikilməlidir və onlar işlə təmin olunmalıdır"

İlkin
AzNews.az