Ana və körpəsini öz qardaşları yandırıb? - Dəhşətli hadisə ilə bağlı iddia

AzNews.az Daşkəsən rayonunda ana və 6 aylıq körpəsinin evdə diri-diri yanması ilə bağlı yeni məlumat əldə edib.

Rayonun Qabaqtəpə kənd sakinlərindən birinin AzNews.az-a verdiyi məlumatda hadisənin tamah məqsədi ilə törədildiyi iddia olunur:

“Deyirlər ki, guya bu intihardır. Amma Lətifə niyə özünü yandırsın ki? O, normal bir qadın idi, xəstəliyi də olmayıb. Həyat yoldaşı gözdən əlildir, heç bir yerdə işləmir. Aralarında ailə münaqişəsinin olduğunu da eşitməmişik. Hardasa, iki ilə yaxındır ki, ailə qurmuşdu. Ailə qurandan sonra ata evində yaşayırdı. Atası hələ sağ ikən öz evini Lətifənin adına keçirmişdi. Evdə yüngül yanıq izləri olub. Görüntü yaradıblar ki, guya Lətifə və körpəsi təsadüfi yanğında həlak olub...

Hadisə baş verəndə həyat yoldaşı evdə olmayıb. İzahatını aldılar, yazıq şokdaydı. Ağlayırdı, səhər evdən çıxanda uşaq qucağında küçəyə kimi gedib... Çox mehriban ailəsi vardı. Kənddə söhbət gəzir ki, qızın qardaşları ilə aralarında narazılıq olub. Narazılığın da kökündə mülk, yəni atasının Lətifəyə bağışladığı ev dayanır. Deyirlər ki, guya qardaşları evin ona qalmasını istəmirmiş”.

Qeyd edək ki, Daşkəsəndə ölüm hadisəsi baş verib. Rayonun Qabaqtəpə kənd sakini, 1975-ci il təvəllüdlü Həsənova Lətifə Mürsəl qızı və onun 6 aylıq oğlu Əli İlqar oğlu Həsənovun yanmış meyitləri yaşadıqları evdə aşkarlanıb.