“Bankomatda pul yoxdur” - PROBLEM

Büdcədən maliyyələşən təşkilatlarda çalışanların böyük əksəriyyəti – xüsusən, müəllimlər və həkimlər, həmçinin təqaüdçülər əmək haqqını və təqaüdlərini "Kapitalbank" vasitəsi ilə alır. Bank 2 milyondan çox kart istifadəçisinə 460 bankomatla xidmət göstərir.

Amma ölkəmizdə ən geniş filial şəbəkəsinə malik bank hesab edilən "Kapitalbank"ın xidmətindən daha çox narazılıq eşidilir. Belə ki, "Kapitalbank"ın baş ofisinin yerləşdiyi ərazi istisna olmaqla bir çox yerlərdə bankomat tapmaq olmur. İstifadəçilərin sözlərinə görə, uzun müddət növbələrdə gözləyəndən sonra "içi boş" bankomatla qarşılaşmağa da artıq vərdiş ediblər. Məsələn, Bankın Abşeron rayon filialının qarşısında, "20 yanvar" metrosunun üstündə qoyulmuş bankomatlar belələrindəndir. Növbəsi uzun, ekranına "bankomatda pul yoxdur" yazılan bankomatların siyahısını uzatmaq da olar.

Məlumdur ki, bu bankomatlara əhalinin əsasən aztəminatlı hissəsi üz tutur. Kart sahibləri istifadəçisi olmadıqları bankların da bankomatlarından pul çıxara bilər. Ancaq başqa bankların bankomatından istifadə etmək 1 manat komisyon haqqı ödəmək deməkdir. Bu isə gəliri kifayət qədər az olan aztəminatlı təbəqə üçün əlavə xərc deməkdir.

Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli Aznews.az-a bildirib ki, bankomatlar konkret ərazidə yaşayan müştərilərin və həmin ərazidə istifadə olunan ödəniş kartlarının sayına əsasən yerləşdirilir: "Bankomatları quraşdırmaq üçün, əsasən müştərilərin asan tapa biləcəkləri, mərkəzi yerlər seçilir".

Tələbatə ödəməyə gəlincə isə: "Müştərilərə xidmət şəraitini daha da yaxşılaşdırmaq üçün bankomatların sayı ildən-ilə artırılır. Müvafiq müraciətləri və müştərilərin artan sayını nəzərə alaraq konkret yerlərdə əlavə bankomatlar quraşdırılır".

Ruhiyyə
Aznews.az