- Köhnə - Cəmiyyət
- 15 İyun 2018 00:05
- 11 538
Müsəlman aləmi Ramazan bayramını qeyd edir
Müqəddəs Ramazan ayı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlanıb. Azərbaycanda isə bu bayram 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib. Bu gecə "leylətul-qadr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: "Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1 000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdir, sülhdür" (97:1-5).
Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad arasında cinsi yaxınlıq və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 29-30 sutka davam edir. Quranda yazılır: "Yeyin, için, ta qara sap ağ sapdan seçilənədək, sonra qaranlıq düşənədək oruc tutun" (2:187).
Orucluq İslamdan da əvvəl mövcud idi. Hələ qədim ərəblər öz allahları rizasına oruc tuturdular. Bu barədə Quranda deyilir: “Sizdən öncəkilərə vacib edildiyi kimi, oruc tutmaq sizlərə də vacib edildi ki, bəlkə təqvalı olasınız...”.
Orucluq pəhrizi qurtarmaq - "id əl-fitr" bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır.
Ramazan bayramı münasibətilə bu gündən Azərbaycanda tətil başlayır. Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə 15, 16 iyun Ramazan bayramıdır. Bu il iyunun 15-i həm də Milli Qurtuluş Günü olduğundan, 16 iyun isə şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək: 18 iyun - bazar ertəsi, 19 iyun - çərşənbə axşamı da qeyri-iş günü olacaq.
Beləliklə, Ramazan bayramında 15 iyun, 16 iyun, 17 iyun (bazar), 18 iyun və 19 iyun ardıcıl qeyri-iş günüdür.
Bayramınız mübarək!
AzNews.az