Gəncə şəhər Səhiyyə idarəsində yeni rəis təyinatı - Foto

Bəxtiyar Haqverdiyev Gəncə şəhər Səhiyyə idarəsinin rəisi təyin olunub.

AzNews.az Report-a istinadən xəbər verir ki, bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev onu səhiyyə ictimaiyyətinə yeni rəisi təqdim edib.

E.Vəliyev bildirib ki, Bəxtiyar Haqverdiyev artiq səhiyyə sahəsində təcrübəyə malik, enerjili, müasir təfəkkürlü bir həkimdir: "Ümidvaram ki, onun bu təyinatı gündən-günə inkişaf edən Gəncənin səhiyyə sahəsinin də müasirləşməsinə, yenilənməsinə yardımçı olacaq".

Millət vəkili Naqif Həmzəyev Gəncə səhiyyəsinə gənc və perspektivli, bilikli və bacarıqlı bir rəhbərin təyin olunmasını təqdirəlayiq hesab edib: "Bu gün yaşlı nəslin bilik və təcrübələrindən yararlanaraq gənclərin önə çəkilməsi, onların ölkəmizin istənilən sahələrində, o cümlədən də tibb sahəsində inkişafına dəstək olmaq əsas prioritetlərdəndir".

Qeyd edək ki, Bəxtiyar Haqverdiyev 2016-cı ildən bu günədək Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş həkim kimi fəaliyyət göstərib.