Gəncədə Nuru paşanın büstünün açılışı oldu - Foto

Türkiyənin Gəncədəki baş konsulluğunun təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş konsulluğun fəaliyyət göstərdiyi binada Qafqaz İslam Ordusunun komandanı, Osmanlı ordusunun general-leytenantı Nuru paşanın büstünün açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Gəncədəki baş konsulu Orhan İşık və şəhər ziyalıları iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Nuru paşa 1909-cu ildə hərbi təhsilini başa vurduqdan sonra zabit kimi xidmətə başlayıb. O, Birinci Dünya müharibəsi illərində Şimali Afrikada olan Osmanlı ordusunda xidmət edib və Liviya ərazisində cəbhə komandanı olub. Liviya cəbhəsində göstərdiyi igidliklərə görə Nuru paşa minbaşı rütbəsinə, 1916-cı ildə “Altun ləyaqət” medalına, Almaniyanın “Dəmir xaç” medalına, 1917-ci ildə “Altun imtiyaz” medalına, habelə Avstriya-Macarıstan dövlətinin üçüncü dərəcəli fərqlənmə nişanına layiq görülüb. Trablus qərb cəbhəsində göstərdiyi şücaətə görə Nuru paşa Trablus qərb qəhrəmanı kimi tanınıb.

Lakin Nuru paşanın hərbi xidmətinin ən mühüm dövrü Qafqaz İslam Ordusunun fəaliyyəti ilə bağlı olub. Bu ordunun yaradılması 1918-ci ilin əvvəllərində reallaşmağa başlayıb. Azərbaycanda bolşevik-daşnak rejiminin türk-müsəlman əhaliyə qarşı törətdiyi soyqırımlarını dayandırmaq məqsədilə milli azadlıq hərəkatı fəallarının kömək üçün Osmanlı dövlətinə müraciətindən sonra Qafqaz İslam Ordusunun yaradılması qərara alınıb. İlk qərara əsasən Azərbaycana göndəriləcək türk zabitlərinin rəhbərliyi və iştirakı ilə yerli milli qüvvələrdən ordu formalaşdırılmalı idi. Azərbaycana göstəriləcək hərbi yardıma rəhbərlik Nuru paşaya tapşırılıb. Vəzifəsinin icrasına başlamazdan əvvəl Nuru paşaya feriq (general-leytenant) hərbi rütbəsi, bütün Qafqaz İslam Ordusu hissələrinə komandanlıq vəkaləti, Qafqazda Osmanlı sultanının siyasətini təmsil etmək hüququ verilib.

Nuru paşa 1918-ci il martın 2-ci yarısında 20 nəfərlik bir heyətlə Azərbaycana doğru hərəkətə başlayıb. Mayın 25-də Gəncədə Nuru paşanın qarşılanması mərasimi keçirilib. O, Azərbaycandakı hərbi-siyasi vəziyyətlə tanış olduqdan sonra bolşevik-daşnak qüvvələrinin müqavimətini qırmaq üçün qısa müddətdə milli hərbi struktur formalaşdırılmasının qeyri-mümkün olması qənaətinə gəlib. Bu barədə o, 3-cü ordu komandanı Vehib paşaya təcili məlumat göndərib və dövlət orqanları qarşısında Azərbaycana türk hərbi qüvvələrinin göndərilməsi barədə məsələ qaldırılmasını xahiş edib. 1918-ci il iyunun 4-də Batumda iki dövlət arasında imzalanan müqavilədən sonra Nuru paşanın vəsatəti əsasında 5-ci Qafqaz firqəsi Azərbaycana göndərilib. Nuru paşa türk və Azərbaycan hərbi hissələrindən təşkil edilmiş Qafqaz İslam Ordusunun komandanı olmaqla bərabər Azərbaycan hökumətinin qərarı əsasında milli hərbi hissələrin formalaşdırılmasına rəhbərliyi də öz üzərinə götürüb. Onun qarşısında Bakı Sovetinə tabe olan bolşevik-daşnak hərbi qüvvələrinə, erməni silahlı dəstələrinə qarşı mübarizəni təşkil etmək, Azərbaycanın milli hərbi hissələrinin formalaşdırılmasına nail olmaq, Qafqaz İslam Ordusunun komandanlığı altında olan qüvvələrin təchizat və təminat məsələlərini həll etmək kimi mürəkkəb vəzifələr qoyulub. İncə və çevik hərbi duyuma malik olan Nuru paşa ona həvalə olunmuş hərbi vəzifələrin öhdəsindən bacarıqla gəlib, Azərbaycan hökumətinin və xalqının dəstəyi ilə onun komandanlığı altına olan hərbi qüvvələr qısa vaxt ərzində Gəncədən Bakıya qədər uğurlu döyüş yolu keçiblər.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında Nuru paşanın bir hərbçi kimi Azərbaycanda böyük uğur əldə etdiyini, onun burada qazandığı qələbələrin təkcə Osmanlı dövlətinin deyil, Azərbaycanın da hərb tarixinə yazıldığını söyləyib. Səfir, həmçinin Nuru paşanın Azərbaycandakı hərbi fəaliyyətinin Türkiyədə daha çox tanıdılmasına ehtiyac olduğunu deyib.

Mərasimdə Qafqaz İslam Ordusunun fəaliyyətinə dair fotoşəkillərdən ibarət sərgi təşkil edilib, “İki cümhuriyyətin əsgərləri” sənədli filminin nümayişi olub.

AzNews.az

image description