“Açıq havada işlər dayandırılmalıdır” - 46 dərəcə isti ilə bağlı xəbərdarlıq

Ekologiya və Təbbi Sərvətlər Nazirliyi sabah Bakıda və Abşeron yarımadasında 46 dərəcə isti olacağını açıqlayıb. Bu isə insanlar arasında təlaşa səbəb olub.

AzNews.az məsələ ilə bağlı tibb üzrə ekspert, professor Adil Qeybullanın münasibətini öyrənib:

“Açıq havada işlər dayandırılmalıdır. Belə havada işləmək olmaz. Dünya üzrə əmək normativləri var. Bütün ölkələrdə əmək qanunvericiliyinə görə, nəinki 40, hətta 35-38 dərəcə temperaturda açıq havada dayanmaq məsləhət deyil. Yalnız ofis, şirkət, bir sözlə, kabinetlərdə, bağlı yerlərdə işləyənlər iş başında ola bilərlər. Azərbaycanın əmək qanunvericiliyini dəqiq bilmirəm. Yalnız onu deyə bilərəm ki, hava şəraitinin isti keçməsi ilə bağlı müvafiq oqranlar göstəriş verməlidir ki, fəhlələr açıq havada işləyənlər həmin günü evdən bayıra çıxmasınlar. Xəstələr, hamilə qadınlar, yaşlılar, uşaqlar sərin yerdə olmalıdırlar. Uşaqlar həddən artıq maye qəbul etməlidir, çünki onların su tutumu azdır. Bundan əlavə, kondisionerdən istifadəyə diqqət edilməlidir. Əgər bayırda 40 dərəcədən artıq temperatur varsa, otaq şəraitində temperaturun 27 dərəcə olması vacibdir”.

Bahar RÜSTƏMLİ
AzNews.az