Azərbaycanda heyvanlar müayinə olundu - Manqo xəstəliyi aşkarlanmadı (Fotolar)

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq Dövlət Baytarlıq Xidməti (DBX) bu ilin 6 ayı ərzində manqoya görə 38 704 baş təkdırnaqlı heyvanı diaqnostik müayinəyə (malleinizasiyaya) cəlb edib.

DBX-dən AzNews.az-a verilən məlumata görə, aparılan müayinələrin nəticəsinə əsasən təkdırnaqlı heyvanlar arasında (atlar və ulaqlar) manqo xəstəliyinə görə yoluxma aşkar edilməyib.

Qeyd edək ki, manqo təkdırnaqlı heyvanların xroniki gedişli infeksion xəstəliyi olub, ağciyərdə, burun boşluğunun selikli qişasında və dəridə irinli yaralara çevrilən spesifik düyünlərin əmələ gəlməsi ilə səciyyələnir. Xəstəliyə əsasən, təkdırnaqlı heyvanlar həssasdır. Nadir hallarda dəvələr və pişik ailəsinə daxil olan yırtıcı heyvanlar xəstəliyə tutulur. Manqo xəstəliyinə insanlar da həssasdır.