Rumıniya Azərbaycanlıları Birliyi yaradılıb

Rumıniya paytaxtı Buxarestdə Rumıniya Azərbaycanlıları Birliyinin (RAB) təsis edilməsi ilə bağlı tədbir keçirilib.

AzNews.az-ın məlumatına görə, bildirilib ki, təşkilatın yaradılmasında məqsəd Rumıniyada yaşayan həmvətənlərimizi, o cümlədən bu ölkədəki Azərbaycanın çoxlu sayda dostlarını bir araya gətirmək və hər iki ölkə arasında ən müxtəlif sahələrdə münasibətləri daha da gücləndirilməsinə töhfə verməkdir.

Təşkilat Rumıniyanın dövlət və hökumət orqanları, müxtəlif təşkilat və icmalarla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindədir.

Tədbirdə RAB sədri Vaqif Həsənov, qurumun həmtəsisçiləri Robert Burlaku və Mihnea Alik çıxış ediblər. Onlar təşkilatın qarşıya qoyduğu məqsədləri, həyata keçirəcəyi layihələr və gələcək fəaliyyəti barədə məlumat veriblər.

Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini, Rumıniya Deputatlar Palatasının deputatı Dinu Sokotar çıxışında təşkilatın Azərbaycan-Rumıniya əlaqələrinin daha da genişləndirilməsi istiqamətində həyata keçirilən layihələri dəstəklədiyini vurğulayıb.

SOCAR-ın Rumıniyadakı SOCAR Petroleum SA şirkətinin baş direktoru Həmzə Kərimov isə çıxışında belə bir təşkilatın yaradılmasını əlamətdar hadisə adlandırıb, fəaliyyətində uğurlar arzulayıb, RAB-ın Rumıniyada yaşayan soydaşlarımız arasındakı həmrəyliyin gücləndirilməsində önəmli rol oynayacağını bildirib.

Tədbirdə həmçinin Rumın-Amerikan Universitetinin professoru, universitet Senatının nümayəndəsi Florin Bonçiu, Ploieşti Neft-Qaz Universitetinin prorektoru, professor Mihai Minesku, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Dumitru Balan, Rumıniya Müsəlman Türk Tatarları Demokratik Birliyinin sədri Məfkurə Qafar çıxış ediblər. Mərasimdə bu ölkədə təhsil alan və yaşayan azərbaycanlılarla yanaşı, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Rumıniya dövlət və hökumət nümayəndələri, Rumıniya parlamentinin deputatları, bu ölkədə fəaliyyət göstərən bir sıra aparıcı şirkət rəhbərləri, iş adamları, enerji məsələləri üzrə mütəxəssislər, ali təhsil ocaqlarının nümayəndələri, türk və tatar icmalarının üzvləri iştirak ediblər.