“Atalığı tərəfindən öldürülən 5 yaşlı uşağın anası da cinayət məsuliyyətinə cəlb olunmalıdır”- Kamalə Ağazadə

“Kürdəmirdə atalığı tərəfindən döyülərək öldürülən uşağın anası da məsuliyyətə cəlb olunmalıdır”.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə Kürdəmir rayon sakini, 2013-cü il təvəllüdlü Murad Bayraməli oğlu Yaqubovun ölümündən danışarkən deyib. Onun sözlərinə görə, ana 5 yaşlı uşağının döyülməsini görsə də susub:

“Əgər bu kişi ilə bir yerdə yaşamısansa və uşağa qarşı şiddəti görmüsənsə, niyə susurdun? Gözləyirdin ki, uşaq ölsün, sonra danışasan? Bir ana olaraq baş verənlərə dərhal təpki göstərməliydi. O, adam çoban olub. Təsərrüfatı olduğu üçün qeyri-rəsmi nikahdan çox həmin adamın yanında işləyib, uşaq da nəzarətdən kənarda qalıb. Sən necə anasan ki, uşağın öləndən sonra onu qeyri-rəsmi yaşadığın kişinin öldürdüyünü açıqlayırsan. Bəs hara baxırdın, niyə fikirini bildirmirdin? Sənin yanında olan kişi önəmli idi, nəinki o uşağın gələcəyi. Düşünürəm ki, həmin kişi ilə yanaşı, qadının özü də cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Qeyd edək ki, Kürdəmirdə fermada bədbəxt hadisə baş verib. Kürdəmir rayon sakini, 2013-cü il təvəllüdlü Murad Bayraməli oğlu Yaqubov yüksək qızdırma nəticəsində ölüb. M. Yaqubovun anası Sevanə Böyükağa qızı Yaqubova isə uşağın ölümündə günahkarın qeyri-rəsmi yaşadığı ikinci əri, Kürdəmir rayon Muradaxan kənd sakini Abdulla İnqilab oğlu Abdullayevin olduğunu bildirib. Ögey ata A.Abdullayev müxtəlif vaxtlarda uşağa zor tətbiq etməyə başlayıb və ona küt alətlə mütəmadi xəsarətlər yetirib.

Bahar RÜSTƏMLİ
AzNews.az