Dövlət naminə mallardan imtina

Zamin Hacı

Novruz bayramından azca qabaq deputatlar yığışdılar, biznesmenlərə və sahibkarlara hansısa yardım eləmək üçün hansısa qanun layihəsinin qayrılması haqda hansısa qərara gəldilər. Doğrusu, həmin günlərdə mən İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın qalmaqalına diqqət kəsilmişdim, o üzdən qanundan elə xəbərim olmamışdır, oxucular bağışlasın.

Həm də nə dəxli var hansı qanundur? Əsas odur qəbul olunur. Sovet dövründə bizim Mahmud kişi adında bir kəndlimiz vardı, sovet sədri işləyirdi, qanuna da köhnə kişilər kimi "kanun" deyirdi. Bir dəfə Mahmud kişi Bakıdan gəlir, camaat yığışır bunun başına ki, mərkəzdə nə var, nə yox. Mahmud kişi deyir: "Bakı bir yana qalsın, qatarda bir nəfər hökumət adamı ilə gəlirdim, dedi ki, təzə kanun çıxacaq". Camaat maraqla soruşur nə qanundur. Mahmud kişi köks ötürür: "Açığı, kanunun nə haqda olacağını heç o adam da bilmirdi, ancaq dedi ki, yaman kanun olacaq".

Nostaljiyə çox qapılmayaq, mövzunu qurd aparar. Həmin müzakirələr vaxtı deputat Vahid Əhmədov şikayətləndi ki, gərək bu qanunun müzakirəsinə biznesmenləri də çağıraydıq. Açığı, yersiz söhbətdir. Birincisi, həmin məntiqlə Cinayət Məcəlləsi səsə qoyulanda gərək MM binasına Lotu Bəxtiyar və Sabirabadlı Hikmət də çağrılaydı. İkincisi, bizim deputatların çoxu elə həm də biznesmendir, "müzakirədə iş adamları iştirak etməyib" demək yalan olar. Hətta bu ikili fəaliyyətə görə İlyas İsmayılovun təklifinə – bizneslə məşğul olan deputatın cinayət məsuliyyətinə cəlb edilməsi haqda qanunun qəbuluna imkan vermədilər. Deputat Rafael Cəbrayılov dedi ki, bəlkə bir deputat çaşıb biznes qurdu, bunu niyə tutaq? Düz deyir. Dəstəkləmək lazımdır. Onsuz çoxunun deputat fəaliyyəti düymə basmaqdır, biznes qursalar, bəlkə xeyirləri dəyər.

Ümumiyyətlə, gərək biznesmenlər qanunları yaxşı bilsinlər, rüşvət verməsinlər. Hər il dünyada minlərlə insan ümumdünya cazibə qanununu bilmədiyi üçün hündürlükdən yıxılıb ölür. Məsələn, ölkəmizdə korrupsiya ilə şiddətli mübarizə gedir, xeyli itki, yaralı var. Ancaq həbs edilən rüşvətxorlar içərisində adətən Gömrük Komitəsinin işçilərinə rast gəlinmir, bu da cəmiyyəti düşündürür. Niyə belədir? Səbəb sadədir: çünki gömrükçülərimiz heç vaxt, təkrar edirəm, heç vaxt rüşvət almırlar! (Bu yerdə yalançıya söyənə iki qatını qaytarıram).

Hardan hara gəldik... Ümumiyyətlə, gömrük maraqlı sahədir. Bu il fevralın 18-də baş nazir Artur Rasizadənin imzası ilə Nazirlər Kabinetinin olduqca maraqlı bir qərarı çıxdı. Təəssüf ki, cəmiyyət bu sənədə diqqət yetirmədi, halbuki, şəxsən mənə çox ləzzət vermişdir. Əgər istəyirsinizsə, Gömrük Məcəlləsinin işini təkmilləşdirmək məqsədi güdən həmin qərarın adını yazıram: "Mallardan dövlətin xeyrinə imtina edilməsi Qaydasının təsdiq edilməsi haqqında". Bəli, gözləriniz sizi aldatmır, bizdə vətəndaşların sərhəddə öz mallarından imtina edib onu dövlətə verməsi haqda qanun var. Məsəl üçün, sən Dubaydan iki dənə mobil telefon alıb gəlirsən, gömrük bunu tutur, deyir olmaz. O anda ərizə yazıb telefonun birini çiçəklənən respublikamıza bağışlayırsan, ikincini də bəlkə geri ala bilirsən. Özü də ağlınıza pis şeylər gəlməsin, bu nə müsadirədir, nə də zorakı soyğunçuluq. Kefin istəyir, arzu və niyyət edirsən, malı sərhəddə qədər gətirib orda verirsən dövlət müəllimə, aparır.

Dövlət müəllim dedim, yadıma düşdü: Bakının rayonlarından birində polis rəisi var, həmişə iclasda-zadda işçilərə söyləyirmiş: "Biz hamımız dövlət uğrunda çalışmalıyıq, gərək dövlət yaxşı yaşasın, dövlət hər şeydən üstündür" və sairə. Dövlət haqda andın biri bir qəpiyə... İşçilər "dövlət" sözünün sui-istifadəsindən şübhələnib araşdırıblar, məlum olub rəisin məktəbli oğlunun adı... Dövlətdir.

Sonda bu yazını polis nazirinin sistemdə çalışan xalası oğluna ithaf etdiyimi bəyan edirəm.