"Yay aylarında bəzi bölgələrdə artım hiss olunsa da, bu, ümumi tendensiya deyil" - Asif İbrahimov

“Ümumilikdə, bəzi istisna hallar istisna olmaqla, süni qiymət artımı ilə bağlı ciddi bir hal müşahidə etməmişəm. Prinsip etibarilə, istənilən məhsul və ya xidmətin yekun qiymətinin formalaşması onu meydana gətirən xərclərdən asılıdır. Yəni, xərclər nə qədər yüksək olarsa, məhsulun və ya xidmətin qiyməti də bir o qədər yüksək olacaq. Bu isə yekun qiymətə birbaşa təsir göstərir. Sadə dillə desək, maya dəyəri yüksəkdirsə, satış qiyməti də yüksək olur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Qeyd edək ki, yay aylarında bəzən Qəbələ, Şəki, Lənkəran, Naxçıvan kimi turistik regionlarda qiymətlərin süni şəkildə artırılması halları ilə qarşılaşırlar ki, bu da həm daxili inflyasiyaya, həm də əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir.

Ekspertin sözlərinə görə, məhsul və ya xidmət istehsalçıları qiymət siyasətini müəyyənləşdirərkən ilk olaraq maya dəyərini hesablayır, daha sonra isə bu məbləğə mənfəət əlavə edərək yekun qiyməti müəyyənləşdirirlər.

“Maya dəyəri dedikdə isə nəzərdə tutulur: məhsulun və ya xidmətin ərsəyə gəlməsi üçün çəkilən xərclər — işçilik haqqı, anbarlaşdırma, kommunal xidmətlər, əgər daşınma varsa logistika xərcləri, vergilər və digər əlaqəli xərclər. Bütün bu komponentlər hesablandıqdan sonra üzərinə mənfəət qoyulur və nəticədə satış qiyməti müəyyənləşir. Keçən illə müqayisədə müəyyən faktorlar qiymət artımına təsir göstərir. Məsələn, restoran sektoru üzrə danışsaq, sahibkar keçən il əti 15 manata alırdısa, bu il ətin qiyməti növündən və keyfiyyətindən asılı olaraq 16, 17, hətta 20 manata qədər yüksəlib. Pomidorun qiyməti yay ayları olmasına baxmayaraq 2.50-3.00 manat arasında dəyişir və bu da ötən illə müqayisədə ucuzlaşmanın olmadığını göstərir. Digər tərəfdən, işçi qüvvəsinin də xərci artıb. Keçən il işçilərin əmək haqqı 330-350 manat civarında idisə, bu il minimum əmək haqqının 400 manata yüksəlməsi fonunda əmək haqları da artıb. Bu və digər amillər qiymətin formalaşmasına birbaşa təsir edir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az