Azərbaycan Prezidenti "Ağ ev"də: Yeni dünya nizamı üçün Trampın təsdiqlədiyi “İlham Əliyev prinsipləri” - ANALİZ

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfərininin yaratdığı maraq və həyacan az qala hər kəsin yuxusunu ərşə çəkmişdi. Facebook səhifəmdən anladığım qədər, minlərlə dostum, həmkarım, ictimai-siyasi fəal Ağ evdə baş verənləri anbaan izləyirdilər. Azərbaycanın lideri İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ prezidenti Donald Tramp arasındakı danışıqları canlı yayımlanan Youtube kanallarında minlərlə soydaşımız dayanmadan rəy yazırdı. Böyük iftixarla Azərbaycan, Cənubi Qafqaz və zənnimcə, yeni beynəlxalq arxitekturanın qurulması baxımından dünya tarixinin olduqca əsrarəngiz bir gününə şahidlik edirdik.

Ən böyük şahid ABŞ prezidenti Donald Tramp idi. Tarixi hadisə onun- dünyanın ən qüdrətli dövlətinin birinci şəxsinin kabinetində baş verirdi. Dəfələrlə yazmışam, təkrardan qaça bilməyəcəm, Tramp Qərbin müəyyən media çevrələrinin haqqında yaratdığı imicdən tam fərqli və dünya siyasət tarixi üçün son dərəcə önəmli bir liderdir. Strateji uzaqgörənliyə malik, məqsədyönlü, tədbirli, qətiyyətli, planetimizin 1 nömrəli dövlətinin məsuliyyətini dərindən dərk edən və inanılmaz sayılanları gerçəkləşdirməyi bacaran iti zəkalı tarixi şəxsiyyətdir.

Donald Trampın prezident İlham Əliyevə şəxsi sayğısı, daxili ehtiramı qarşılama mərasiminin ilk anlarından özünü biruzə verdi. Şəxsi xarizması və mədəniyyəti böyük təcrübəsi ilə vəhdət içində Azərbaycan liderinin ABŞ-ın 1 nömrəli personası ilə rahat kommunikasiya qurmasına rəvac verdi. Yaranan ortam o qədər pozitiv oldu ki, ABŞ prezidenti Azərbaycan heyətinin nümayəndələrini də birgə şəkil çəkdirməyə dəvət etdi. Tramp Amerika siyasətində mühafizəkar ağların təmsilçisidir və ailə institutuna böyük önəm verir. İlham Əliyev nəvələri barədə danışmaqla bu cür çox yüksək ranqlı görüşlərdə həmsöhbətinə incə psixoloji təsirlər etməkdə son dərəcə mahir olduğunu da nümayiş etdirdi.

Nikol Paşinyan bir tərəfdən sevincəyə düşmüşdü, digər yandan da gərgin idi. Bayden administrasiyası ilə qaçarayaq bağladığı sənədlərdən sonra Trampla arasını düzəltdiyi üçün eyforiya keçirirdi. Eyni zamanda, özünəinamı yüksək olan iki lider arasında sıxılırdı. Lakin Azərbaycan prezidenti ona da bir növ psixiloji dəstək verdi, Nikolun adaptasiya olmasına şərait yaratdı. Nəticədə, Nikol Qarabağı könüllü tərk etmiş ermənilər barədə verilən təxribatçı suala məhəl qoymadı, Trampın qarşısında Azərbaycan prezidenti tərəfindən, belə deyək, danlanmaqdan yayındı.

Vaşinqtondakı üçtərəfli görüşün üç əsas gündəmi vardı.

Əvvala, Bayden administrasiyası ilə yaşanan gərginlikdən sonra rəsmi Bakı ABŞ-la münasibətlərində yeni səhifə açdı. “907-ci düzəliş” kimi tanınan ədalətsiz qərarı ləğv etməklə Tramp ölkəsinin Azərbaycanla iqtisadi, siyasi, hərbi və digər sahələrdə münasibətləri ən yüksək səviyyəyə çatdırmasının önünü açdı. Trampın Azərbaycan prezidentinə jest olaraq bu qərarı İlham Əliyevin birbaşa iştirakı ilə ləğv etməsinin çox ciddi nəticələrini biz həm yaxın, həm orta, həm də uzaq vədədə dərindən hiss edəcəyik. Bəli, yenə əvvəllər də yazdığım kimi, ABŞ dünyanın ilk super gücüdür və yaxın 100-150 ildə bu reallıq dəyişməyəcək. Odur ki, Cənubi Qafqaz kimi mürəkkəb bir regionda “Yer kürəsinin patronu”nun dəstəyi milli təhlükəsizliyimizə ciddi təminatlar verir.

İkincisi, Azərbaycan və Ermənistan arasındakı Sülh Sazişi Ağ evdə paraflandı. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan Konstitusiyasında məlum ərazi iddiaları olmasaydı, Saziş Ağ Evdə imzalana da bilərdi. Paraflanma hələ müqavilənin qüvvəyə minməsi demək deyil, qarşılıqlı hüquqi öhdəliklər yaratmır. Bununla belə, paraflanmış Sülh Müqaviləsi artıq Azərbaycan və Ermənistan arasında köhnə ədavətin bitməsi, gələcəyə sülh gündəliyi ilə irəliləməyin yol xəritəsidir. Sadəcə son 30 ildə deyil, 2 əsrlik bir dövrdə Cənubi Qafqazı münaqişələrə sürükləmiş “erməni məsələsi” yeni beynəlxalq nizamın formalaşmasından öncə qapadıldı. Bu, gerçəkdən möhtəşəm bir tarixi diplomatik zəfərdir və bu zəfər münasibəti ilə İlham Əliyevi ilk növbədə bir Azərbaycan vətəndaşı olaraq ürəkdən təbrik edirəm!

Sözün açığı, “erməni məsələsi” Cənubi Qafqazda süni yaradılmış problemdir. Maşanın bir dişi Türkmənçay müqaviləsidirsə, o biri də “Vilson prinsipləri”dir. Bundan sonra istər Azərbaycan və Ermənistan, istər regional ölkələr, istərsə də dünya üçün ancaq və ancaq “İlham Əliyev prinsipləri” var.

Altında həm də ABŞ prezidenti Donald Trampın imzası!

İlham Əliyev o siyasi dühadır ki, həm Türkmənçay müqaviləsinin, həm də Vilson prinsiplərinin yaratdığı işğal faktının, üstəlik, ATƏT-in Minsk Qrupunun tabutuna eyni mismar vurdu. Odur ki, ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı Bakı və İrəvanın birgə müraciətinə təkcə lazımsız, əhəmiyyətini itirmiş bir qurumun rəsmən ləğv olunmasına təşəbbüs kimi yanaşmaq sadəlövhlük olardı. Regional və planetar müstəvidə siyasi münasibətlərin paradiqması dəyişir, yeni paradiqmanı isə məhz Azərbaycan və onun lideri yaradır!

Üçüncü və daha bir geopolitik aktuallıq kəsb edən məsələ Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunan razılaşmadır. Bir neçə məqama diqqət etməliyik. Biz “dəhliz” deyəndən Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidi nəzərdə tuturduq. Planımız gerçəkləşdi. Planın gerçəkləşməsi üçün Azərbaycan və Ermənistan öz aralarında da razılaşa bilərdi, amma İranla Rusiya imkan vermədi. Nəticədə, qazanan ABŞ oldu. ABŞ-ın Ermənistan ərazisində infrostruktur yaratması və bu infrostruktur üzərindən bölgədə nüfuzunu genişləndirməsi Bakı üçün də, İrəvan üçün də yeni perspektivlər açır. Bundan sonra İran və Rusiya bu layihənin əleyhinə çıxmaq istəsələr, uzaqbaşı, tünd sirkə kimi öz qablarını sındırarlar. “Tramp yolu” adı altında açılan Zəngəzur dəhlizi Ermənistanı Türkiyə, Azərbaycanı isə Ermənistan üzərindən Qərbə çıxardan marşrutdur. Bu marşrut əslində Rusiya və Mərkəzi Asiya ölkələri üçün də yeni imkanlar yaradır. Rusiya bölgədə yaranan reallığı rasional bir şəkildə qəbul etsə, Azərbaycana qarşı haqsız, cəfəng və neo-imperalist təzyiq ritorikasına son qoysa, Ermənistanda pərxaşlıq salmaq istəməsə, əslində, onun da bu dəhlizdən qazanacağı çox şey var.

Məqalənin sonunda bəzi subyektiv rəylərimi də bölüşmək istəyirəm. Ötən əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarının bir hissəsi- Zəngəzur Moskvanın təzyiqləri ilə Nəriman Nərimanov tərəfindən Ermənistana “inqilab hədiyyəsi” olaraq bağışlanmış, Naxçıvanın aqibəti də sual altına düşmüşdü. Mustafa Kamal Atatürk- ümumtürk tarixinin bu möhtəşəm ismi İranla anlaşaraq Türkiyəyə Naxçıvanla 10 kilometrdən bir qədər artıq sərhəd yaratdı. İlham Əliyevin atası, Ulu Öndərimiz Heydər Əliyevin siyasi irsinə və platformasına sahib çıxması, eləcə də digər tarixi şəxsiyyətlərimizin ərsəyə gətirdiyi milli idealları gerçəkləşdirməsi son dərəcə təbiidir. Amma İlham Əliyevin yeni tarixi erada çağımızın sanki Mustafa Kamal Atatürkü kimi çıxış etməsi ayrıca təhlilə ehtiyacı olan reallıqdır. İlham Əliyevi Ağ evdə izlədikcə hərdən Heydər Əliyevin, hərdən də Mustafa Kamal Atatürkün obrazı canlanırdı gözümün önündə. Hər ikisi kimi zamanı qabaqlayan bir Azərbaycan lideri vardı “Oval ofis”də. Mustafa Kamal Osmanlı kimi bir cahan imperiyanın mirasına sahib idi. Heydər Əliyev SSRİ kimi nəhəng dövlətin ucqarlarından ən üst pillələrinə qədər yüksələrək yetişmişdi. İlham Əliyev isə yenidən müstəqillik qazanmış, amma çoxsaylı problemlər üzləmiş gənc bir dövlətdə parlayan, xüsusilə ərazi bütövlüyünün bərpası kimi ağır tarixi məsuliyyətin öhdəsindən gəlməli olan lider idi. 22 il ərzində o, Azərbaycanın müstəqilliyini isbat etdi, mürəkkəb geosiyasi təzyiqlərin ortasında qalmış xalqı və cümhuriyyəti hərbi zəfərə çatdıraraq Azərbaycanın “orta güc”ə çevrilməsinə zəmin formalaşdırdı, neqativ tarixi asılılıqlarımızdan qurtuluş üçün Zəfər narrativi yaratdı. Tam da Atatürkün dediyi kimi, məmləkət üçün gerçək ideya nədirsə, onu reallaşdırdı, o idela yürüdü.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru