- Redaktor masası
- 07:08
- 2 018
Riyazi çöküş və repetitorların təhsilə çaldığı əcəl zəngi: Azərbaycan BRO-dan əliboş döndü!

Beynəlxalq Riyaziyyat Olimpiadası (BRO) dünyanın ən prestijli və nüfuzlu təhsil müsabiqələrindən biridir. 1959-cu ildən bəri hər il keçirilən bu müsabiqə dünyanın müxtəlif ölkələrindən seçilmiş orta məktəb şagirdlərinin riyaziyyat sahəsində bilik və bacarıqlarını qiymətləndirir. BRO-da iştirak edən şagirdlər mürəkkəb və yaradıcı riyaziyyat problemlərini həll etməli, riyazi təfəkkürlərini və analitik bacarıqlarını göstərməlidirlər. Bu yarışmanın nəticələri ölkələrin təhsil sistemlərinin və elm potensiallarının beynəlxalq səviyyədə qiymətləndirilməsi üçün mühüm göstəricidir. İştirakçı ölkələrin nəticələri onların elmi-təhsil infrastrukturunun, kadr hazırlığının, həmçinin gənc nəslin intellektual səviyyəsini nümayiş etdirir. Yüksək nəticələr isə ölkənin gələcək elmi, texnoloji və iqtisadi inkişaf perspektivlərinə işıq tutur.
66-cı Beynəlxalq Riyaziyyat Olimpiadası (IMO 2025) 10-20 iyul 2025-ci il tarixlərində Avstraliyanın Sunshine Coast bölgəsində keçirildi. Tədbirə dünyanın 114 ölkəsindən gender balansı nəzərə alınmaqla 639 şagird qatılmışdı. Bu dəfə olimpiadada Süni İntellekt modeli- Google DeepMind tərəfindən hazırlanmış Gemini Deep Think da iştirak edirdi. SİM 6 tapşırıqdan 5-ni mükəmməl həll edərək qızıl medal səviyyəsində nəticə göstərdi. Bu isə gələcəkdə təhsil və riyaziyyat sahəsində Sİ-nin rolu barədə yeni perspektivlər deməkdir. Azərbaycandan olimpiadaya qatılanlar isə, ölkəyə, necə deyərlər, əlləri ətəyindən uzun- heç bir medal qazanmadan döndülər. Olimpiadanın rəsmi nəticələrinə görə, 74-cü yerdə qərar tutan Azərbaycanın bu tədbirdə iştirakı barədə Elm və Təhsil Nazirliyinin məlumatlarına rast gəlinmir. Görünür, nazirlik bu tədbiri “xırda məsələ” hesab edir. Lakin məsələ reallıqda qətiyyən xırda deyil, tam əksinə, Azərbaycanda təhsil sahəsindəki acınacaqlı vəziyyəti əks etdirən indikatordur.
Bu cədvəldən də göründüyü kimi, Azərbaycan qonşu və post-sovet Asiya ölkələri ilə müqayisədə BRO-da ən zəif nəticə göstərib, daha dəqiqi, heç bir nəticə göstərməyib! Cənubi Qafqazda Gürcüstan və Ermənistandan, regionda Türkiyə və İrandan fərqli olaraq bircə medal da qazana bilməyib, o cümlədən Qazaxtsan, Özbəkistan, Qırğızıstan, Tacikstan kimi post sovet ölkələrindən də çox-çox geridə qalıb. Bu nəticələr həmin ölkələrin riyaziyyata və ümumiyyətlə, təhsilə ciddi önəm verdiklərini göstərirsə, o zaman Azərbaycanın “0” nəticəsi, çox sadə məntiqlə, milli təhlükəsizliyimizə təhsil sahəsində təhdidlərin artıq ciddi risk yaratdığını nümayiş etdirir. Bəli, bu, uzunmüddətli intellektual və elmi tənəzzülün işarəsidir. İntellektual çöküş ölkənin innovasiya potensialına, yüksək texnologiyalı sektorlarının inkişafına, beynəlxalq elmi əməkdaşlıqlara mənfi təsir göstərəcək. Bu da iqtisadiyyatın rəqabət qabiliyyətinin azalmasına, beynəlxalq arenada ölkənin mövqeyinin zəifləməsinə gətirib çıxara bilər.
Məxsusi olaraq vurğulayaq ki, Azərbaycanın zəif nəticələri kadr qıtlığından qaynaqlanmır. Bu iddianı Türkiyə komandasının rəhbərinin- Azər Kərimovun Azərbaycanlı olması faktı aydın şəkildə təkzib edir. Azər Kərimov məşhur şair Əli Kərimin oğludur və xaricə beyin axınının təmsilçilərindən biridir. O, vaxtilə Moskva Dövlət Universitetini bitirib, Bilkənt Universitetində professordur, Türkiyə Riyaziyyat Olimpiada Komitəsinin sədri kimi böyük nüfuza malik alimdir. Onun rəhbərliyi altında Türkiyə komandası yüksək nəticələr göstərir və qardaş ölkəni Avropa üzrə ikinci edir. Deməli, Azərbaycan öz problemini təhsilin strategiyasında, idarə edilməsində və bu sahədə tüğyan edən formalizmdə axtarmalıdır. Azərbaycan riyaziyyat sahəsində zəngin ənənələrə malikdir. Təsəvvür edin, bu ənənələr 1941-ci ildə- İkinci Dünya Müharibəsi zamanı anadan olmuş akademik Məhəmməd Mehdiyevi Laçın rayonunun Ərdəşəvi kəndində kəşf edib və ədədi üsullarla bağlı görkəmli alimə çevirib. Amma İkinci Qarabağ savaşında qalib gəlmiş Azərbaycan Ermənistana riyaziyyat kimi fundamental bir sahədə olimpiadalarda uduzur. Bəs, hanı Ermənistan üzərində elmi qələbələrimiz?- bu sualı təhsilə cavabdeh şəxslər mütləq cavablandırmalıdırlar.
Bu məğlubiyyətin əsas səbəbi ölkəmizdə təhsili qara bazara daşımış repetitorluqdur. Dövlət İmtahan Mərkəzinin rəsmi təhsil proqramına alternativ modellər ortaya qoyması şagirdləri məktəbdən soyudub, yuxarı siniflərdə isə tamamilə uzaqlaşdırıb. Necə olur, 1-ci qrup üzrə 700 bal və ya rekorda yaxın bal toplayan şagirdlər Sidneydən ölkəyə bürünc medal belə gətirə bilmirlər? Çünki bu bal repetitorların sayəsində toplanır, repetitorlar isə, əsasən, test texnologiyaları öyrədir, riyaziyyat yox!
Nəticədə, BRO bir daha təsdiq edir ki, təhsil sistemində fundamental dəyişikliklər aparılmalı, bu dəyişikliklərə isə DİM-dən start verilməlidir!
Zeynal ABDİN,
AzNews.az