Plastik tullantılarla bağlı ekoloji fləşmob

Plastik tullantıların ətraf mühitə təsirinin azaldılmasının və 12 avqust “Xəzər günü” ərəfəsində əhalinin bu istiqamətdə maarifləndirilməsi və təbliği məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Hüseyn Cavid parkında fləşmob keçirilib.

AzNews.az-a Nazirlikdən verilən məlumata görə, sosial aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Yasamal rayon İcra Hakimiyyətinin, “AzEkol” MMC-nin, “EkoSfera” İctimai Birliyinin, “EcoBaku”-nun nümayəndələri və ictimaiyyət təmsilçiləri, eyni zamanda xarici qonaqlar da iştirak edib.

Ekoloji fləşmobun keçirilməsində məqsəd ətraf mühitə tullantıların atılmasının qarşısını almaq, həmçinin Xəzər dənizini plastik və digər tullantılarla çirklənmədən qorumaq və bu işə ictimaiyyəti cəlb etməklə töhfə verməyə çağırmaqdır.

Qeyd edək ki, ETSN tərəfindən plastik tullantıların ətraf mühitə təsirinin azaldılması, tədricən bu məhsullardan istifadənin məhdudlaşdırılması məqsədilə davamlı olaraq maarifləndirici aksiyalar keçirilir, təbliğat işləri aparılır. Plastik tullantıların düzgün idarə edilməsi və çeşidlənməsi üçün ETSN-nin təşəbbüsü ilə artıq Bakı, Sumqayıt, Gəncə, Şabran, Lənkəran və Mingəçevir şəhərlərində xüsusi konteynerlər yerləşdirilib.

Xatırladaq ki, “Xəzər günü” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə 1995-ci ildən başlayaraq beş Xəzəryanı dövlətlə aparılan danışıqlar nəticəsində Xəzəryanı dövlətlərin hökumətləri tərəfindən 2006-cı il 12 avqust tarixində Tehran Konvensiyası çərçivəsində ratifikasiya olunduqdan sonra hər il qeyd olunur.