Qızı ilə eyni ali məktəbə daxil olan 53 yaşlı tələbə: “Bir neçə ali məktəbə daxil olmuşam”

“Çox sevincliyəm, qızımla eyni ali məktəbə daxil olmuşam”.

Bunu AzNews.az-a açıqlamasında qızı ilə eyni vaxtda Bakı Dövlət Universitetinin İnformatika fakültəsinə qəbul olunan Ağcəbədi rayon Sarıcalı kənd sakini Kərəm Süleymanov deyib.

Kərəm Süleymanov deyir ki, qızı ilə birlikdə həmin fakültənin pullu şöbəsində təhsil almalıdır:

“Mənim 53 yaşım var, qızımın isə 19. Biz ata-bala ötən ildə ali məktəbə keçirilən qəbul imtahanında iştirak etmişdik. Hər ikimiz də tələbə adını aldıq. Amma qızım istədiyi ali məktəbə qəbul olmadığı üçün təhsildən imtina etdi”.

Kərəm Süleymanov bundan əvvəl ayrı-ayrı illərdə bir neçə dəfə ali məktəbə qəbul olunduğunu bildirib: “Mən Gəncədə Texnologiya Universitetini bitirmişəm. Amma sonradan təhsilimi davam etdirmək istədim. Dəfələrlə universitetə qəbul olunmuşam, hər dəfə də ailədə bir problem çıxıb. İndi də xoşbəxtlikdən qızımla bir sinifdə oxuyacam”.

Bahar RÜSTƏMLİ
AzNews.az