- Köhnə - Cəmiyyət
- 28 Avqust 2018 13:41
- 22 803
Şəhriyar Məmmədyarov nədən narazıdır?
İki gündür bütün ölkə mediasının diqqətində bir isim var- Şəhriyar Məmmədyarov!
Gəlin onu yenidən tanıyaq
Məşhur şahmatçı 1985-ci ilin 12 aprelində Sumqayıt şəhərində anadan olub. 1993-cü ildən Şəhriyarın atası ona şahmat oynamağı öyrədib və həmin ildən o, ilk məşqçisi olan Validə Bayramovanın işlədiyi Sumqayıt şahmat məktəbində dərslərə başlayıb. Elə başladığı ildən öz zəkası ilə yaşıdlarından seçilib. O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır. Qatıldığı turnirlərin əksəriyyətində final matçları oynayıb.
1998-ci ildə Şəhriyar Məmmədyarov Azərbaycan Çempionatında 2-ci yerə sahib olaraq, Avstriyada keçirilən Avropa Çempionatlarında iştirak hüququ qazanıb. O, həm də Azərbaycanın Zaqatala şəhərində keçirilən uşaqlar arasında Dünya Olimpiadasında 2-ci yerin sahibi olaraq Azərbaycan Milli Komandası tərkibinə düşmüşdü. Şəhriyar Məmmədyarov Türkiyədə keçirilən uşaqlar arasında Dünya Olimpiadasında öz lövhəsində gümüş medalın sahibi olmuş və bununla beynəlxalq turnirlərdə birinci müvəffəqiyyətini qeyd etmişdi. O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır. 2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.
Karyerasının zirvəsini yaşayan Şəhriyar bu yaxınlarda ən yüksək xalını- 2821.7 bal qazandı. Bu xal ilə PLANETİN ƏN GÜCLÜ ikinci şahmatçısı oldu. Dünya şahmat tarixində gəlmiş-keçmiş şahmatçılar arasında isə beş pillə irəliləyərək 7-ci oldu.
Onun “uğur siyahısı”nı çox uzatmaq olar. Amma əsas məsələdən yayınmayaq. Gələk əsas mətləbə. Dünən Şəhriyarın sosial şəbəkədə paylaşdığı yazıya:
“...40-45 günlük turnirlərə son qoyacam, gərək az oynayıb özümdə güc saxlayım, bu əlbəttə ki, biabırçılıqdı. Bu qədər arxa-arxaya oynamaq. Bu gün jurnalist mənə sual verdi ki, nədi səni məcbur edən bu qədər oynamağa?? Utandım deyim ki, pul! Deyə bilmədim ki, mənim kimi professional oyunçunun sponsoru yoxdu, hətta bütün yarışlara öz hesabıma gəlirəm, amma buradakı insanların sponsoru var.”
Kimdir “müqəssir” ?
Şəhriyarın bu açıqlamasından sonra, necə deyərlər, aləm dəydi bir-birinə. Dünyanın ən güclü şahmatçılarından birinin yarışlara pul tapmamasını söyləməsi əsl skandala səbəb oldu və birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə hər kəs məsələni bir cür yozdu, hərə əlinə bir arşın aldı. Nəticədə qrossmeyster yeni açıqlama verəsi oldu. İstər usta şahmatçı, istərsə də müvafiq qurumlardan verilən açıqlamalardan belə bəlli oldu ki Şəhriyar:
- Prezidentdən narazı deyil və onu dəfələrlə mükafatlandırmasından dolayı dövlət başçısına təşəkkür edir;
- Yüksək ranqlı bəzi məmurlar da zaman-zaman ona diqqət və yardım göstərib.
- Gənclər və idman nazirliyi Şəhriyarın beynəlxalq yarışlarda iştirakına texniki və böyük məbləğdə maddi yardım göstərib.
- Azərbaycan Şahmat Federasiyası da öz qulpundan çıxanı ondan əsirgəməyib.
Bəs, Şəhriyar kimdən narazıdır və nə istəyir ?
Şəhriyar onu vurğulayır ki, verdiyi açıqlamalar hansısa xüsusi qazanc əldə etmək məqsədi daşımır. Sadəcə hər bir peşəkar kimi o da adına və potensialına uyğun dəstək istəyir. Budur, Şəhriyarın əsas rəqibi Maqnus Karlsenin sponsor cədvəlində nəhəng şirkətlər ard-arda düzülüb:
- Nordic Semiconductor (Norveçdə simsiz çiplərin istehsalı və satışı ilə məşğul olan şirkət)
- Artic securities ( Norveçin qabaqcıl investisiya bankı)
- Simonsen Vogt Wiig ( Norveçin tanınmış hüquq firması)
- VG (Norveç media şirkəti. Maqnusun bütün beynəlxalq və yerli şahmat turnirlərindəki çıxışlarını işıqlandıran rəsmi sponsor qurum)
- 2014-cü ildə Maqnusun sponsorlarından biri də nəhəng Microsoft şirkəti olub.
Göründüyü kimi, Maqnus Şəhriyar kimi sponsorsuzluqdan əziyyət çəkmir və boş zamanını xərclərini necə qarşılamaq və ya əlavə gəlir haqqında düşünməyə sərf eləmir. O, 2013-cü ildə özünə “Play Maqnus AS” adlı şirkət də açıb və şahmatın təbliği ilə məşğul olur.
Şəhriyarın da umacağı dövlətdən, nazirlikdən, federasiyadan deyil, Azərbaycan şirkətlərindəndir.
Bəs, Azərbaycanın iri şirkətləri nədən bu günə qədər Şəhriyara sponsorluq etməkdən yayınıb?
Səbəb çox sadədir, Azərbaycanın biznes mühitində koorperatov məsuliyyət çox aşağıdır. Bunun obyektiv səbəbləri də var, başa düşürük, Azərbaycan bazar iqtisadiyyatına keçid şəraitində yaşayan ölkədir. Ancaq başqa bir səbəb də var. Azərbaycandakı əsas holdinqlərin reklam və ictimai əlaqələr üzrə işlərinə məsul olanların əksəriyyəti yerində deyil. Elə bu nədəndən də Şəhriyar Məmmədyarov kimi bir dünya brendinə sponsorluq etməyin onlara gətirəcəyi avantajı təsəvvür edə bilmir, “əşi, şahmatçını kim tanıyır” deyə öz reklam çarxlarında toy müğənnilərini çəkirlər.
Odur ki, Şəhriyarın açıqlamaları əslində Azərbaycanın biznes sferası üçün “soyuq duş” olmalıdır: niyə belə gec anlayıblar ki, dünyanın ən nadir zəkalarından biri olan Məmmədyarova yatıracaqları sərmayə əvəzssiz ianə olmayacaq, büdcələrinə beş-on qat kar olaraq qayıdacaq.
Madam söhbət iş dünyasındakı karlardan-korlardan düşdü, dünyadakı fəxrimizin bu haqlı sözünə də qulaq vermək gərək:
“Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər, sadəcə mənasız olacaq !”
Səidə NURMƏMMƏDLİ,
AzNews.az