Evlər belə tikilməlidir- QANUN-QAYDA

Qanunlar kağız parçasına çevrilməməlidir




Şəhərsalma və Tikinti Məcəlləsinin vətəndaşlara verdiyi hüquqların reallaşması üçün sadə icra mexanizmləri olmalıdır

Hər bir qanun özlüyündə bir kağız parcasıdır. Bu kağız parçasını kitab rəflərində, masaların alt gözlərində yatan adi bir vərəqə də, cəmiyyətdə ictimai münasibətləri tənzimləyən dəyərli bir sənədə də çevirmək olar. Bu isə həmin qanunu qəbul edən, qəbul etdiyi qanunların işləməsinin qarantına çevrilən dövlətdən asılıdır. Buna görə də inkişaf etmiş ölkələrdə qanunlar elə işlənilir ki, onun icra mexanizmi çox sadə olsun. Respublikamızda da indiyədək kifayət qədər mütərəqqi qanunlar qəbul olunub. Amma həmin qanunların işləməsi ilə bağlı bu fikirləri deyə bilmərik. Bu ilin yanvarından qüvvəyə minən "Şəhərsalma və Tikinti Məcəlləsi" də belə qanunlardan biridir. Artıq üç aydır ki, respublikamızda tikinti və şəhərsalma sahəsindəki münasibətlər vahid məcəllə ilə tənzimlənir. "Şəhərsalma və Tikinti Məcəlləsi"ndə də mühüm yeniliklər nəzərdə tutulub. Amma bu gün sadə vətəndaşların əksəriyyəti yeni məcəllənin onlara verdiyi hüquqları tam bilmir. Bu məqamları nəzərə alaraq yeni məcəllənin vətəndaşlara verdiyi hüquqları aydınlaşdırmaq istədik.

Vətəndaş heç bir icazə və razılıq almadan, sadəcə məlumatlandırmaqla tikinti apara bilər

Yeni məcəllə vətəndaşların əksəriyyətinin maraqlarında olan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı prosesləri ciddi surətdə sadələşdirib. Əgər normal işləməsi mümkün olarsa, məcəllədə nəzərdə tutulan yeni prosedur və normativ qaydalar fərdi yaşayış evlərinin qısa vaxt ərzində rəsmiləşdirilməsinə və istifadəyə verilməsinə imkan verəcək. Belə ki, "Şəhərsalma və Tikinti Məcəlləsi"nin 80-ci maddəsinə görə, mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsini bu məcəllədə nəzərdə tutulan tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərəfindən 3 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Bundan başqa hər bir vətəndaş özünə məxsus fərdi torpaq sahəsində müəyyən şərtlər daxilində müvafiq İcra Hakimiyyətinin icazəsi olmadan belə özləri üçün lazım olan tikililəri həyata keçirə biləcəklər. Hündürlüyü 2 metr 20 sm-dən çox olmayan hasarların, hündürlüyü ən çoxu 5 metr, sahəsi ən çoxu 70 kvadratmetr olan kənd təsərrüfatı obyektləri, hündürlüyü 5 metr, sahəsi 50 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililər, kiçik memarlıq formalarının ( köşklər, örtüklər, çiçəkliklər və buna bənzər digər obyektlər), açıq idman və ya oyun meydançalarının, antenna qullələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin tikintisinə və ya quraşdırılmasına icazə tələb olunmayacaqdır. Yəni hər bir vətəndaş heç bir icazə və razılıq almadan bu işləri görə biləcəkdir.


Başlanması nəzərdə tutulan tikinti ilə bağlı ictimaiyyətə əvvəlcədən məlumat verilməlidir


Məcəllədəki yeniliklərdən biri tikinti fəaliyyətinin müəyyən prinsiplərə tabe edilməsidir. Söhbət tikintinin şəhərsalmaya uyğun aparılmasından, eləcə də tikinti zamanı şəhərin memarlıq baxımından quruluşu və görkəminin saxlanılmasından gedir. Bu prinsipə əsasən şəhərin memarlıq quruluşunda müəyyən qaydanın yaradılması artıq əvvəldən müəyyənləşir. Tikintiyə icazə veriləndə isə tikilinin layihəsinin bu sxemə uyğun olub-olmamağı yoxlanılır. Bu prinsip şəhərin görkəminin qorunması baxımından çox əhəmiyyətlidir.

Növbəti prinsip başlanması nəzərdə tutulan tikinti ilə bağlı ictimaiyyətə əvvəlcədən məlumat verilməsidir. Belə ki, hər hansı tikintinin həyata keçirilməsi müəyyən şəxslərin maraqlarına toxuna bilər. Bu baxımdan məcəllədə tikinti zamanı qonşuların maraqlarının qorunması da əsas götürüləcək. Məsələn, ərazidə hündür mərtəbəli ev tikilirsə, bu prosesin qonşuluqdakı aşağı mərtəbəli binalarda günəş işığına təsiri və onların işıqlandırılması zamanı yarana biləcək problemlər nəzərə alınmalıdır. Bunun üçün tikintiyə icazə veriləndə həmin tikinti kimin maraqlarına toxuna bilərsə, həmin şəxslər müəyyənləşdirilməli və bu prosesə cəlb edilməlidirlər. Tikintiyə icazə verilib-verilməməyi məsələsi də yalnız onları dinlədikdən sonra həll olunacaq. Tikintiyə o zaman icazə veriləcək ki, onun aparılması həmin şəxslərin maraqlarına toxunmasın.
Məcəllədə dövlət büdcəsi hesabına maliyyələşdirilən tikintidə vətəndaşların maraqlarının təmin olunması da nəzərə alınıb. Bura yolların və digər iri obyektlərin, məsələn park, iri inzibati binaların tikintisi zamanı vətəndaşların məlumatlandırılması aiddir. Yaşayış yerindən asılı olmayaraq belə obyektlərin tikilməsi haqqında əvvəlcədən kütləvi informasiya vasitələrində məlumat verərək yerli əhalini məlumatlandırmaq tələb olunur. Bu zaman maraqlı şəxslərin bu layihələrlə bağlı təkliflər vermək və fikir söyləmək haqqı yaranır. Nəzərdə tutulub ki, belə hallarda tikintiyə icazə verən orqan bir ay ərzində iradlara cavab verməlidir.


Tikinti zamanı ətraf mühitin və ekoloji təhlükəsizliyin təmin olunması nəzərə alınmalıdır


Məcəllədə tikiləcək obyektin özünə aid tələblər də müəyyən edilib. Belə ki, tikinti obyekti layihələndirilən zaman müəyyən tələblərə cavab verməlidir. Bura tikilinin yanğın təhlükəsizliyi baxımından davamlı olması, sanitar-gigiyena qaydalarına uyğunluğu, sağlam yaşayış mühitinin təmin olunması aiddir. Bununla yanaşı, binanın istismarına aid tələblər də qoyulub. Bu tələblər istismar zamanı istifadəçilər üçün arzuolunmaz halların qarşısı almaq üçün nəzərdə tutulub. Binaya qalxan yollar və pilləkənlər elə tikilməlidir ki, piyadaların sürüşməsinə səbəb olmasın. Yəni bina bədbəxt hadisələrin olma ehtimalından uzaq şəkildə tikilməlidir. Təbii və süni işıqlandırma normaları da qorunmalıdır. Məcəlləsində binaların enerjiyə qənaət olunacaq qaydaya uyğun şəkildə tikilməsi tələbi də əksini tapıb. Bu tələb Avropa Birliyinin direktivlərindən qaynaqlanır. Hazırda binalar tikiləndə onların enerjiyə qənaət edib-etməməyi nəzərə alınmır. Məcəllədə isə bu məsələ tələb kimi qoyulub və binanı elə tikmək tələb olunur ki, burdakı mənzillərdə gündüz vaxtı işığı yandırmaq lazım gəlməsin və təbii işıq lazımi qədər təmin olunsun. Məcəllədə həmçinin binanın tikildiyi materiallarla bağlı da tələblər qoyulub. Tələblərə əsasən tikinti materialları ekoloji baxımdan zərərsiz olmalı və standartlara cavab verməlidir. Tikinti zamanı ətraf mühitin və ekoloji təhlükəsizliyin təmin olunması nəzərə alınmalıdır. İndiyədək tikintiyə icazə verilərkən həmin tikintinin ətraf mühitə, ekoloji tarazlığa təsiri aydınlaşdırılmayıb. Amma yeni məcəllə bu təsiri qiymətləndirməyi tələb edir. Bu prinsipə əsasən, yolların çəkilməsi, iri obyektlərin tikilməsi zamanı əvvəlcədən ekoloji qiymətləndirmə aparılmalıdır. Ərazinin bitki və ya heyvanat aləminə zərər vura bilən tikililərə icazə verilməməlidir.
Tikinti sahəsində islahatlar Avropa İttifaqının direktiv tələblərindən biri idi. "Şəhərsalma və Tikinti Məcəlləsi"nin qəbulunda isə əsas məqsəd ictimai və fərdi maraqların balanslaşdırılması əsasında normal tikinti və şəhərsalma fəaliyyətini təmin etməkdir. Məcəllənin praktikaya nə dərəcədə uyğun hazırlandığı və necə işləyəcəyini isə qarşıdakı illərdə görəcəyik. Amma hər bir halda qanunların vətəndaşlara verdiyi hüquqların reallaşması üçün sadə icra mexanizmləri olmalıdır.

Teymur Mirzəyev