- Köhnə - Cəmiyyət
- 28 Sentyabr 2018 09:05
- 9 546
DSX-nin stendində Xəzərin ən sürətli gəmisi nümayiş etdirilib - ADEX çəçivəsində
“Yeni layihəmiz Xəzərin ən sürətli gəmisi olacaq. Hətta qeyd etməliyəm ki, 17 metr ölçüdə dizayn edilən hücum “boat”ımızın maksimal sürəti saatda 70 mildir (113 km) ki, bu göstəriciyə görə də o, Xəzərin ən sürətli gəmisi olacaq”. Bunu açıqlamasında “Caspian Ship Building Company” (CSBC) şirkətinin baş direktoru Fuad Fətəliyev bildirib.
O qeyd edib ki, təmsil etdiyi şirkət hazırda nəinki Azərbaycanın, həm də regionun ən əhəmiyyətli oyunçularından biri olmaqla 75 metrə qədər istənilən gəminin istehsalını sürətli şəkildə həyata keçirmək potensialındadır.
“ADEX çəçivəsində təqdim etdiyimiz yeni layihəmiz özlüyündə konsept layihədir və bir sıra innovativ keyfiyyətlərə sahibdir. Belə ki, bu “boat”lar 35 metr, 28 metr, 17 metr və 14 metr uzunluqlarda olmaqla 4 qrupa bölünür. Bu məhsulların beynəlxalq bazarda rəqabət üstünlüyünü artıran başlıca faktor onların eyni zamanda həm hərbi, həm də mülkü məqsədlər üçün istifadəyə yararlı olmasıdır. Müasir “fiber glass” materialdan hazırlanması nəticəsində gəmilər olduqca yüksək sürət nümayiş etdirirlər. Hətta qeyd etməliyəm ki, 17 metr ölçüdə dizayn edilən hücum “boat”ımızın maksimal sürəti saatda 70 mildir (113 km) ki, bu göstəriciyə görə də o, Xəzərin ən sürətli gəmisi olacaq”, - deyə şirkət rəsmisi bildirib.
Baş direktor, həmçinin CSBC-nin bu ana qədər həyata keçirdiyi layihələrə də toxunaraq şirkətin istehsal etdiyi gəmilərlə bağlı maraqlı məlumatlar verib: “Bu ana qədər iki növ gəmi tikmişik. Bunlardan biri 62 metr uzunluqda, 7,5 metr enində və 450 ton çəkiyə malik “Tufan”, digəri isə 32 metr uzunluqda və 6,5 metr enindəki “Şahdağ” gəmisidir. İndiyə qədər “Tufan”dan 6 ədəd, “Şahdağ”dan isə 11 ədəd tikmişik ki, bu gəmilərin tikintisində də yalnızca yerli mühəndis və işçi qrupu iştirak edib. Bizim istehsal etdiyimiz gəmilər sadəcə Azərbaycan və ya Xəzəryanı dövlətlər üçün deyil, eyni zamanda xarici ölkələr üçün də nəzərdə tutulub. Lakin gəmilərimiz əsas etibarilə Dövlət Sərhəd Xidməti üçün nəzərdə tutulub, hətta istehsal işlərində də DSX-nın zavodundan istifadə edirik”.
Daha sonra şirkətin xarici şirkət və qurumlarla əlaqələrinə diqqət yönəldən F.Fətəliyev vurğulayıb ki, hazırda Fransa və İran təmsilçiləri şirkətin vasitəçiliyi ilə Azərbaycan üçün göstərilən xidmətlərdə əməkdaşlıq etmək və Xəzər bazarına daxil olmaqda maraqlıdırlar.
“Hazırda əsasən İsrail şirkətlərti ilə əməkdaşlıq aparırıq. Lakin beynəlxalq əlaqələrimiz arasında “Naval Group” başda olmaqla Fransa şirkətləri, həmçinin İran şirkətləri də yer alır. İsrail və Fransa şirkətləri ilə əlaqələrimizin hərbi sferanı da əhatə etməsinə baxmayaraq, İrana qoyulan beynəlxalq sanksiyalardan dolayı cənub qonşumuzun bu sektordakı nümayəndələri ilə əməkdaşlığımız sadəcə mülkü məqsədlərə söykənir. İran və Fransa bizimlə birgə bir çox gəmilərin istehsalında maraqlıdır. Hətta hazırda danışıqlar mərhələsində olan bu əməkdaşlıqların yaxın zamanlarda rəsmi müqavilələrə çevrilmə ehtimalı olduqca yüksəkdir”, - deyə o sözlərini yekunlaşdırıb. (ordu.az-a )
AzNews.az