- Köhnə - Cəmiyyət
- 28 Sentyabr 2018 12:16
- 7 271
Türkiyədə qeyri-qanuni məskunlaşan azərbaycanlılar siyahıya alınacaq

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Kənan Məmmədov və İsmayıl Ənsərli, Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğu ilə birgə Türkiyədə qeyri-qanuni məskunlaşmış soydaşlarımız ilə bir sıra görüşlər keçiriblər.
Komitədən AzNews.az-a bildirilib ki, 1990-cı illərdə Türkiyəyə köçmüş və orada qeyri-qanuni şəkildə məskunlaşmış yüzlərlə azərbaycanlı var. Soydaşlarımızın Türkiyə ərazisində qeydiyyata alınması, hüquqi statuslarının müəyyənləşdirilməsi və sosial müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq dövlət qurumları tərəfindən müəyyən işlər görülməkdədir. Bu işlərin davamı kimi, qeyd edilən insanların Azərbaycana mənsubluğunun aydınlaşdırılması və şəxsiyyəti təsdiq edən sənədlərlə (şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu) təmin edilməsi məqsədilə müvafiq işçi qrupu yaradılıb və siyahıyaalma ilə bağlı hazırlıq işlərinə başlanılıb.
İstanbulda keçirilən görüşlərdə maarifləndirici söhbətlər aparılıb.
Baş Konsulluğun əməkdaşı Xəyyam Daşdəmirov qeyri-qanuni yaşayan azərbaycanlıların üzləşdiyi bir çox problemə toxunub, həmin şəxslərin dəqiq siyahısının əldə olunmasının prosesin ilk və ən vacib mərhələsi olduğunu vurğulayıb.
Səfər çərçivəsində Zəhra Ana Yardımlaşma və Kültür Dərnəyinin nəzdindəki Azərbaycan məktəbində, Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin nəzdində fəaliyyət göstərən Hüseyn Cavid adına Azərbaycan məktəbində şagird-müəllim kollektivi ilə görüşlər keçirilib.
AzNews.az



