- Köhnə - Cəmiyyət
- 28 Sentyabr 2018 17:41
- 9 920
“Gəncliyin fəlsəfəsi” mövzusunda seminar keçirilib
28 sentyabr 2018-ci il tarixində Azərbaycan İlahiyyat İnstitutu(Aİİ) “Gəncliyin fəlsəfəsi” mövzusunda seminar keçirib.
AzNews.az xəbər verir ki, seminarda insitututun rəhbər-müəllim heyəti, tələbələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov dövlət-din siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunduğunu qeyd edib. C.Məmmədov ölkədə mövcud olan sağlam din münasibətlərinin, yüksək mənəvi mühitin qorunub saxlanılmasında institutun üzərinə düşən vəzifələrindən bəhs edərək dövlətin gənclər siyasətinin əsas istiqamətləri, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı məsələlərinə toxunub. Rektor, gəncliyin cəmiyyətin aparıcı qüvvəsi olduğunu, inkişafın yalnız yüksək elm, təhsil, qabiliyyət və bacarıqla mümkün olduğunu vurğulayıb və gəncləri hər bir sahədə fəal iştiraka səsləyib.
Sonra AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə “Gəncliyin fəlsəfəsi” mövzusunda məruzəsini təqdim edib. Mövzunun əsas məqsədinin gəncliyin hikmətini açmaqdan ibarət olduğunu qeyd edən K.Bünyadzadə bildirib ki, gənclik qurulacaq insan abidəsinin postamentini qiymətləndirən, möhkəmləndirən və üzərində ucaldılacaq abidənin miqyasını təyin edən mərhələdir.
Məruzəçi əsrlər keçməsinə baxmayaraq, tarixdə izi qalan, öz gənc yaşına baxmayaraq müdrikliyi ilə bəşəriyyətə, millətinə nümunə, lider, hətta xilaskar ola bilən gənclərin şəxsiyyətini təhlil edib. Gəncliyin əhəmiyyətli bir tərəfi, hətta ən böyük assosiasiyası cəsarət, hünər olduğunu deyən alim müzakirə zamanı gənc sərkərdələrdən də bəhs edib və onların simasında qılınc və qələmin kamil tandemini göstərməyə çalışıb. K.Bünyadzadə, “Tarixin istənilən kəsiyində dünya mənzərəsinə baxanda ön planda həmişə gəncliyi görmək mümkündür. Yeni ideyalar irəli sürən, cəsarətli addımlar atan, savaşlarda göz qırpmadan canını fəda edən, eyni zamanda, cəmiyyətin sabitliyini kökündən sarsıda bilən hərəkatlar, təşkilatlar yaradan, müstəqil seçim adı ilə fanatizmə qurban gedə bilənlər də məhz gənclərdir”- deyə bütün nüansları açıqlayıb.
Seminar gənclərin maddiyyat və əbədiyyət, qılınc və qələm arasında etdikləri seçim, gənclik və cəmiyyət, gəncliyin fateh ruhu, onun qorxuları, sevgisi, yaradıcılıq axtarışları kimi əlaqəli kontekslərdə müzakirə ilə davam edib.