Amnistiya aktının icrası ilə əlaqədar əmr imzalandı

Mayın 11-də Baş Prokurorluqda Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin 7 may 2013-cü il tarixli iclasında qəbul edilən Amnistiya aktının prokurorluq orqanlarında tətbiqi mövzusunda seminar keçirilib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi, Hüquqi təminat və informasiya idarələrinin, eləcə də Elm-Tədris Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov məruzə ilə çıxış edərək Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasının dövlətimizin daim diqqət mərkəzində olduğunu qeyd edib.

Bildirib ki, mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Milli Məclis tərəfindən qəbul edilmiş Amnistiya aktının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə Baş prokuror tərəfindən müvafiq əmr imzalanıb.

Seminarda prokurorluq orqanlarının əməkdaşları tərəfindən Amnistiya aktının dərindən öyrənilməsi və təbliğinin zəruriliyi vurğulanaraq, onun humanist mahiyyətinin barələrində amnistiya tətbiq ediləcək şəxslərə izah olunması və gələcəkdə qanuna zidd hərəkətlərin yolverilməzliyi barədə onlarla fərdi söhbətlərin aparılmasının zəruriliyi diqqətə çatdırılıb.

Eyni zamanda, prokurorluq əməkdaşlarına Amnistiya aktına əsasən cəzadan azad edilmiş məhkumların sosial adaptasiyası məqsədi ilə "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına səlahiyyətləri daxilində köməklik göstərmələri tövsiyə edilib.

Tədbirdə qərarın icrası mexanizmlərinin təkmilləşdirilməsi, prokurorluq əməkdaşlarının amnistiyanı tətbiq edəcək dövlət orqanları ilə səmərəli əməkdaşlığı, qərarın icrası zamanı yarana biləcək məsələlər ətrafında müzakirələr aparılıb.

AzNews.az