Zamin Hacı Zamin Hacı

Nilufərə lazım olmayan nazir

Zamin Hacı


Seçkilər yaxınlaşdıqca hakimiyyətin guya xalqa yaxınlaşmaq oyunları davam edir.

Məsələn, gülünc sənəd-sünət işləri ilə məşğul olan "Asan-xidmət" adlı idarənin reklamı o qədər şit şəkildə aparılır ki, adam az qalır yapokratlara müraciət eləsin: "Yaxşısı budur elə onun müdiri İnam Kərimovu (yanılmıramsa adamın ismi böylədir) prezidentliyə namizəd verin. Xalqa xidmət prezidentin başlıca vəzifəsidirsə, son ayların məntiqinə görə bu işi ən yaxşı bu gülməli idarə görür".

Əlbəttə, rejim bürokratik olduğundan, az qala asqırmaq üçün də sənəd tələb edildiyindən Asan-xidmət idarəsinin fəaliyyəti ilə gözə kül üfürmək də asandır. Sənədləşmə sahəsində vəziyyət uzun illər elə biabırçı, murdar olub ki, indi hansısa axmaq arayışı bir həftəyə deyil, bir günə almaq xalqa inqilabi dəyişiklik təsiri bağışlayır.

O cümlədən, nazirlərin, komitə sədrlərinin guya xalqla təmasları da artmışdır. Hər həftə müxtəlif rayonlardan "Nazir əhalini qəbul elədi" başlıqlı karikatur xəbərlər gəlir. Bunların karikatur olması tədbirlərin məzmunu ilə bağlıdır. Məsələn, bir də görürsən nəqliyyat naziri yolu olmayan kənd rayonunda əhalini qəbul edir. Axı burda sənə sual verəcək neçə nəfər var? Eşşək arabası əsas nəqliyyat vasitəsi sayılan bölgədə sənin qəbulun hansı yaralı barmağa dərmandır?

Elə dünən bu karikaturalardan birini gənclər və idman naziri Azad Rəhimov çəkmişdi. Xəbər verilirdi ki, nazir Mingəçevirdə vətəndaşların qəbulunu keçiribdir. Qəbulda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayon sakinləri iştirak ediblər. Ümumilikdə qəbulda 50 nəfərə qədər vətəndaş iştirak edibmiş və sairə.
Rayonların adlarını qəsdən tam şəkildə təkrarladım. Fikir verin, adam guya 10 rayondan 50 nəfəri qəbul edib. Hətta buna inansaq, hər rayona orta hesabla 5 nəfər düşür. Tək elə Mingəçevir, Kürdəmir, Bərdə və Göyçayın əhalisi toplam olaraq 500 min nəfərdən – yarım milyondan çoxdur. Sən nazir işlədiyin on il ərzində hesab edək gəldin bir dəfə bu 500 mindən 5-i ilə görüşdün – bununla nə dəyişir? Dövlət siyasəti, quruculuq işləri budurmu?

Əslində görüşdə guya vətəndaşların səsləndirdiyi arzu və təkliflərin xarakterinə diqqət edəndə orada idman müəllimlərinin, rayon bədən tərbiyəsi idarələrinin dövlətdən müftə maaş alan şəxslərinin iştirak elədiyini görürük. Məsələn, idman müəllimləri maaşlarının artırılmasını istəyiblər. Guya Azərbaycan təhsil sistemində idman dərsinin yalandan, tam formal olaraq keçirildiyini kimsə bilmir. Guya riyaziyyat, fizika-filanı yarıtdıq, qalıbmış idman müəlliminin maaşını artırmaq...

Ədalət naminə, mən idman müəllimlərinin narahatlığını da anlayıram: onların "tədris elədiyi" fənn universitetlərə qəbula düşmür (bəlkə İdman Universiteti və hərbi məktəblərə hazırlaşan azsaylı yeniyetmələrə lazım olar), o üzdən hansısa valideynin idman dərsindən repetitor tutması da fantastikadır. Yəni, bu adamların maaşdan əlavə gəlir imkanları sıfır həddindədir.

Ancaq gənclər naziri formal yox, gerçək nazir olsaydı, xalq hakimiyyətini təmsil eləsəydi Mingəçevirə getmişkən son günlər o şəhərdən gələn və birbaşa gənclər siyasətinin iflasından xəbər verən bir olayı araşdırmalı idi. Nilufər Məhərrəmova adlı 20 yaşlı gənc qız orda 6-cı mərtəbədən düşüb ölmüşdü. Hadisə haqda müxtəlif rəylər yazıldı. Dedilər hökuməti tənqid edən bloq yazısına görə polis qızı incidib, döyübmüş. Dedilər qızın atası Rusiyaya işləməyə gedib. Qız özü psixi sarsıntılar keçirirmiş. Dayısı intiharı, polis idarəsi az qala ölüm faktını inkar elədi. Uzun sözün qısası, hər ağızdan bir avaz gəldi. Həqiqət isə batıb getdi. Nilufər adlı o gözəl qızın təbəssümü əbədi soldu. Ölümündən sonra dostları onun bir yerli teatr dərnəyindəki çıxışından parçanı internetə qoymuşdular. İnanmaq olmurdu ki, bu gözəl gülüşlü qızcığaz artıq sağ deyil.

Bax, gənclər naziri qoyulmusansa belə işlərlə maraqlan. Yoxsa iki nəfərlə turnikdə çəkilmək gənclərin problemlərini həll etmək deyil.

AzNews.az