“Özbəkistandakı səfirliyimiz velosipedimi təmir etdirdi” - MACƏRA

Bərdədən Yaponiyaya velosipedlə səfər edən soydaşımızın yol sərgüzəştləri AzNews.az-da

Bu il aprelin 10-da Bərdə rayonundan Yaponiyaya doğru yola çıxan həmyerlimiz Ramil Ziyadov artıq 3300 km məsafə qət edib.

Məqsədi idmanın səyahət və veloturnir növü olan velosipedçilərin yürüşünə yeni ad qazandırmaq olan R. Ziyadov Dərbənd, Həştərxan və Rusiyanın digər şəhərlərini arxada qoyaraq, Qazaxıstana, oradan isə Özbəkistana gedib.

Yaponiyaya çatmaq üçün daha 10 min kilometr yolu qət etməli olan R. Ziyadovun marşrutu belədir: O, Özbəkistandan Qırğızıstana, sonra da yenidən Qazaxıstandan keçəcək.

Vladivostoka çatandan sonra isə gəmi yolu ilə Yaponiyaya üz tutmaq fikrində olan soydaşımız Yaponiyanın dəniz sahillərində Azərbaycan bayrağını dalğalandırmaq fikrindədir: "Bu bayrağı daşımaq çox qürurludur. Mən fəxr edirəm ki, azərbaycanlıyam".
Qeyd edək ki, həmyerlimiz dayanacaq etdiyi yollarda maraqlı hadisələrlə qarşılaşıb. Həmyerlimiz görüşdüyü insanlara Azərbaycan həqiqətləri haqqında məlumatlar verir. Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı elektron materialları yayır.

R. Ziyadovun AzNews.az-a verdiyi məlumata görə, Özbəkistandakı Azərbaycan səfirliyində onu mehribanlıqla qarşılayaraq köməklik ediblər: "Hətta artıq zədələnmiş velosipedimi də təmir elətdirdilər".
Qazaxıstanın cənub şəhərlərindən birində isə mağazadan alış-veriş edərkən onun fotoaparatını və velosipedinin gecə fanarlarını oğurlayıblar. Qazaxıstanla Özbəkistan sərhədinə qalan 5 kilometrlik yolda isə xarab olan velosipedini öz çiynində daşıyıb.

Buna baxmayaraq, həmyerlimiz ruhdan düşməyərək axşamlar yaşayış məntəqələrinin yaxınlığında çadır qurur və yerli sakinləri Azərbaycanın milli xörəklərinə qonaq edir.

Aida
AzNews.az
image description image description image description image description