İlqar Altay Elşad Abdullayevin videolarından danışdı - Müsahibə

İctimai Tədqiqatlar Mərkəzinin sədri, tanınmış hüquqşünas İlqar Altay saytımıza fəaliyyəti dayandırılan ABU-nun Fransada məskunlaşan sabiq rektoru Elşad Abdullayevin yaydığı videolar və bu məsələlərlə bağlı müsahibə verib.


- İlqar bəy, ABU-nun sabiq rektoru Elşad Abdullayev ətrafındakı proseslərə münasibətiniz necədir?

- Elşad Abdullayevin son dövrlərdəki hərəkətləri, irəli sürdüyü iddialar, yaydığı videogörüntülər və buradan doğan cinayət xarakterli ittihamlar kifayət qədər ciddi məsələdir. Birincisi, Elşad Abdullayev universitet rektoru kimi vəzifəli mövqedə olub. Müxtəlif ictimai, elmi və dövlət qurumlarına üzv olaraq müxtəlif səviyyələrdə əlaqələri olub. Fəaliyyəti və vəzifə mövqeyi ilə çoxsaylı insanların, valideyinlərin, məmurların etimadını əldə edib. Xüsusilə də, ölkənin təhsil və hüquq sistemində birbaşa əlaqələri olub. İkincisi, bu şəxs hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi olub və onun adından dəfələrlə parlament seçkilərində, müxtəlif tədbirlərdə iştirak edib. Üçüncüsü və ən əsası isə qardaşı, Azərbaycan vətəndaşı, MTN zabiti, yoxa çıxıb, indiyədək tapılmır və bu ətrafda xoşagəlməz söz-söhbətlər və hətta faktlar gəzir, dolaşır. Yəni söhbət insan, vətəndaş itkisindən gedirsə, artıq insan faktoru bütün sivil dünyada digər faktorları ustələyir. Bütün bunlar cəmiyyətdə böyuk rezonansa, qızğın diskussiyalara səbəb olub. Və bu məsələyə hakimiyyət də reaksiyasız qalmayıb. Elşad Abdullayevin ortaya qoyduğu ittihamlar və faktlar əsasında cinayət işləri açılıb, araşdırmalar aparılır, həbslər aparılır və artıq məhkəmə də qurulub. Bu məsələnin vacibliyinə gorə də məhz prezident İlham Əliyevin şəxsi nəzarətindədir və onun göstərişi ilə xüsusi istintaq qrupu yaradılıb.

- Elşad Abdullayevin yaydığı videolar hüquqi baxımdan nə dərəcədə düzgündür. Yəni kiminsə danışığını ondan xəbərsiz yazmaq və yaymaq hüquqda necə tənzimlənir?

- Beynəlxaq prinsiplərə və həm də ölkə konstitusiyasına görə vətəndaşların iradəsinin əksinə olaraq və ya məhkəmənin qərarı olmadan onların gizli yolla danışıq və görüntülərini əldə etmək qanunsuz hərəkətdir. Bunu ictimailəşdirmək isə vətəndaşların hüquq və azadlıqlarının pozulması baxımından ikiqat qanunsuzluq və həm də mənəviyyatsızlıqdır. Xüsusilə, bu yolla yəni, qeyri-prosessual qaydada əldə olunmuş hər hansı fakt istintaq və məhkəmə orqanları üçün tutarlı sübut kimi istifadə oluna bilməz. Belə faktlar yalnız zəruri hallarda təhqiqat və operativ-axtarış instansiyaları səviyyəsində istifadə oluna bilər. Bunun kimi, prosessual baxımından zəif sayılan faktların üzərinə başqa bərkidici dəlillər əlavə olunduğu halda onlar məhkəmlər və istintaq-məhkəmə orqanları tərəfindən hüquqi baxımdan sübut kimi nəzərə alına bilər.

- Onsuz onun yaydığı videolarda adı hallananları cinayət məsuliyyətinə almaq olarmı?

- Mən artıq qeyd etdim ki, bu cür icazəsiz, gizli cəkilişlər əslində qərəzli və zəif dəlil-sübut hesab olunurlar. Xüsusən də, əgər həmin videonu yayan şikayətçi istintaqla əməkdaşlığı yoxdursa və onun iddiaları, irəli sürdüyü ittihamlar rəsmi ifadələri ilə möhkəmlənmirsə. Əgər bununla bağlı kimlərsə məsuliyyətə alınıbsa, həbs olunubsa, demək, istintaq əlavə iş görüb, əməliyyat-axtarış orqanları vasitəsilə daha tutarlı dəlil-sübutlar əldə edib. Xüsusən, ittiham olunanın etirafı, şahidlərin təsdiqi və s. kimi əlavə faktorar nəzərə alınıb. Yəni, yalnız sadəcə, qeyri-qanuni əldə edilmiş qizli videoçəkilişlər və buna uyğun iddialar əsasında kiminsə məsuliyyətə alınması özü qanunsuzluq olardı.

- Elşad Abdullayevin Bakıya gətirilmə prosesi necə həyata keçirilə bilər. Fransadan kimisə ittihamlamaq nə dərəcədə düzgündür?

- Bu, istintaqın gedişində yaranan xüsusi zərurətdən, Azərbaycan hakimiyyətinin təkidindən və Fransanın otaya qoyduğu mövqedən asılıdır. Hüquqi baxımdan hər bir ölkənin qanunlarında vacib bilinən şəxslərin istintaqa cəlb olunma proseduru var, əgər siyasi motivlər buna mane olmazsa. Əslində Elşad Abdullayev bir zərərçəkən və ittihamedən şəxs qismində çıxış edirsə, gəlib istintaq orqanları ilə əməkdaşlıq edib, yerində onlara köməklik göstərməlı, lazımı ifadələr verməli idi. Hüquq bunu tələb edir. Əgər şikayətçi bunu etmirsə və buna da həyatı, təhlükəsizliyi ilə bağlı səbəblər göstərirsə, bunun nə dərəcədə nəzərə alınması artıq hüquq-mühafizə orqanlarının işidir. Ancaq burada bir anlaşılmazlıq var məncə. Bir tərəfdən, baş prokuror Elşad Abdullayevin ölkəyə gəlib ifadə verməsini zərurətini bəyan edir. Digər tərəfdən isə, bu ifadə alınmadan cinayət işi dərinləşir, Elşad Abdullayev rəsmi zərərçəkmiş kimi tanınır. Artıq məsuliyyətə cəlb olunan, təqsirli bilinib həbs olunanlar, məhkəmə qarşısına çıxarılanlar da var.

- Bəs onun özü necə bu hadisələrin iştirakçısı kimi məsuliyyət daşıyırmı?

- Özünü zərərçəkmiş kimi bəyan edən və bəzi epizodlarda məhkəmə tərəfindən bu statusda tanınan şəxsin cinayətin iştirakçısı kimi tanınması əsl həqiqətin istintaq tərəfindən aydınlaşdırılması nəticəsində ola bilər.

Elşad Abdullayev ətrafında araşdırma aparılmalı epizodlar bir deyil, iki deyil, çoxdur. Onun rəhbərlik etdiyi Beynəlxalq Unuversitetdəki qanunsuzluqlar, təsisçisi olduğu ABU klinikasındakı qanunsuz orqanköçürmə əməliyyatları, deputat olmaq üçün rüşvət vermə və sair bu kimi ortada rəsmi iddiaları var dövlətin. Məncə bütün bu qarışıq və rəngarəng epizodlara prokurorluq orqanları birmənalı mövqeyi ilə aydınlıq gətirməlıdir.

- Özü iddia edir ki, qardaşının azad olunması üçün adları məlum olan şəxslərə 3 milyon manata yaxın pul verib. Bu cinayət deyilmi? Axı bu pulu verməzdən öncə lazımı instansiyaları məlumatlandıra da bilərdi?

- Təbii ki, Elşad Abdullayevin qardaşının azad olunması üçün dövlət məmurlarına külli miqdarda pul verməsi istintaq tərfəfindən təsdiqlənərsə, bu hal rüşvət alana da, verənə də ciddi məsuliyyət yaradaır.

- Onun Gülər Əhmədova ilə bağlı yaydığı videoda kecmiş deputatın ona pul verdiyi kadrlar yoxdursa Gülər Əhmədova hansı cinayət məsuliyyətinə cəlb oluna bilər?

- Əgər prokurorluq dövlət rəhbərliyi nəzarətində olan bu cür səs-küylü işdə adı keçən sabiq deputatı cinayət məsuliyyətinə cəlb edib və hətta onu həbsə alıbsa deməli, həmin kadrlardan əlavə dəlil-sübutlar əldə olunub. Çox yəqin ki, konkret rüşvət alma yox, həmin kadrlardakı vasitəçilik etmə adı ilə dələduzluq faktı əsas götürülüb. İstintaq bunları ortaya qoymalıdır və məhkəmədə sübut etməlidir.

- Necə fikirləşirsiz, bütün danışıqları lentə alan Abdullayev niyə pul vermə anları lentə köçürməyib? Axı iddia edir ki, cox adama pul verib…

- Doğru və maraqlı sualdır. Doğrusu mənə çətindir bu suala sizi və oxucularımızı qane edə biləcək cavab vermək…

- Təcrübəli hüquqşünas kimi necə fikirləşirsiz, niyə məhz Mahir Abdullayev oğurlandı. Axı Elşadın başqa qardaşları da var. Bu bir qədər qaranlıq məqamlardan xəbər vermirmi, özü də MTN zabiti ola….

- Bütün bu məsələlərdən ən müəmmalısı və mürəkkəbi də məhz, Mahirin oğurlanması və ya hər hansı formada yoxa çıxmasıdır. Ən vacib, qaranlıq və çoxlu sual doğuran məsələ budur. Mənə elə gəlir, bunun səbəbini heç, Elşad Abdullayev özü də bilmir. Və mənə elə gəlir bunun arxasında ictimaiyyətin düşündüyü və ortaya atılan bütün versiyalardan xeyli fərqli və ciddi səbəb ola bilər. Hər halda düşünürəm ki, MTN kimi bir təşkilat öz zabitinin taleyi haqda daha məlumatlı ola bilər.

- Abdullayevin yaydığı videolara baxanda təcrübənizə əsasən onların montaj olunub olunmadığını hiss edirsizmi… Yəni peşəkar kimi bu barədə nə deyə bilərsiz?

- Video texnologiyasının, internetin indiki yüksək inkişaf dövründə kadrları montaj edib saxtalaşdırmaq, süni aldadıcı görüntülər yaratmaq, bununla insanları şantaj etmək, aldatmaq heç də problem deyil. Bunu xüsusi ekspert-mütəxəssislər konkret ayırd edə bilirlər. Ancaq, Abdullayevin yaydığı videolar öz çoxluğu və müxtəlifliyi, həyatiliyi və aktuallığı baxımından xeyli dərəcədə təbii görsənir. Hərgah ki, oradakı bəzi epizodların montajıni istisna etmək olmaz.//qafqazinfo//

AzNews.az