Millət vəkili: Azərbaycanın bəzi “qeyrətli” kişiləri…

"Azərbaycanın bəzi "qeyrətli" kişiləri ailələrini ataraq Rusiyada tüfeyli həyat keçirir. Nəticədə həmin şəxsin boşanmadığı xanımı övladları ilə çətin vəziyyətdə qalır. Ana zəruri ehtiyac olduğu halda belə, uşağını ölkədən çıxara bilmir. Çünki bunun üçün atanın razılığı lazımdır. Ata isə aylarla tapılmır".

Bunu millət vəkili Çingiz Qənizadə bu gün Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən və Miqrasiya Məcəlləsinin müzakirəsinə həsr olunan toplantısında bildirib.

Millət vəkilinin sözlərinə görə, yeni Məcəllədə bu halda məhkəmə qərarının olması nəzərdə tutulur: "Ancaq məlumdur ki, məhkəmə aylarla uzanır. Ekstremal şərait yarana bilər, yaxud ana uşağını sadəcə istirahət məqsədi ilə ölkədən çıxara bilər. Bu halda aylarla məhkəmə qərarı gözləmək lazım gələcək".

Çingiz Qənizadə belə vəziyyətdə ortaya çıxacaq problemin həlli üçün daha optimal variant təklif edib: "Yerli icra hakimiyyətinin, yaxud polisin arayışı əsasında uşaqların ölkədən çıxarılmasına icazə verilə bilər. Çalışacağıq ki, Məcəllədə məhz bu müddəa öz əksini tapsın".

Elnarə
AzNews.az