Əziz Rzazadə Əziz Rzazadə

Dəlilik kağızı

Əziz Rzazadə



Adam var, hər kəlməsi qızıldır. Adam da var, ağzında qatıq çalır. Polad Bülbüloğlu kimi. Deyir, Eurovision səviyyəsiz yarışmadır. Saxla, qaqa, çatmışıq...

Bunu sıradan bir adam desəydi, əhəmiyyət verməyib yanından ötərdik. Amma Eurovision-un dabanına daş atan kim ola yaxşıdır? Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri. Ona deyən gərək, a kişi, sən Azərbaycan dövlətini təmsil edirsən, üstəlik, özün də sənət adamısan, nə dediyini özün qavrayırsan!?
Eurovision-a kimi zorla çəkib aparıblar ki? Əgər Eurovision səviyyəsiz yarışmaydısa, bunu öncədən bilə-bilə niyə ora qatılırdıq ki? Bəs Aysel Teymurzadədən tutmuş Farid Məmmədova qədər hər uğurumuza niyə bu qədər sevinmişik? Səviyyəsiz yarışmada səviyyəsizliyimizi nümayiş etdirmək üçünmü?..

Necə bilirsiniz, bütün bu həngaməyə məntiqli cavab varmı? Varsa, şübhəsiz, o, Rusiyanın inadı altında yatır. Kreml Dina Qaripovaya Azərbaycandan verilən səslərlə bağlı rəsmi Bakını sorğulayıb. Rəsmi Bakı səslərin oğurlanmasını önə çəkir. Eurovision təşkilatçıları isə səslərin ümumiyyətlə yoxluğunu dəlil gətirir. Bundan sonra söyləyəsi nə qalır?.. Eurovision-u hörmətdən, urvatdan salmaq. "Səviyyəsiz yarışmadır..."
Söz düşmüşkən, Vaqif Hüseynovun "Bir ömürdən də çox" kitabında Polad Bülbüloğlu ilə bağlı bir xatirə-cümlə var: "Atasının nə soyadını, nə də səsini irs apardı".

Polad Bülbüloğlunu unudub başqa bir nümunə də gətirim. Milli Məclis üzvü Hadı Rəcəblidən. Görün nə deyir: "Lənkəranda bir kəndə getmişdim, orada millət, xalq deyərək populist çıxış etdim. Dedim, ordu üçün əsgər hazırlamalıyıq, uşaqlarımız çox olmalıdır. Bir nəfər qalxıb dedi ki, ay Hadı müəllim, vallah düz deyirsiniz. Qonşumuzdu, Həsənqulu kişi, özü də dəlidir, arvadı da. 14 uşağı var, bizə o cür uşaqlar lazım deyil".

Fikir verdinizmi Hadı Rəcəbli bunu kim haqda deyir: kəndçisi, qonşusu, nəhayət seçicisi haqda... Sanki Həsənqulu kişini özü müayinədən keçirib, üstəlik əlinə "dəlilik kağızı" da verərək evinə yola salıb ki, get... inkubasiya ilə məşğul ol...

Bunu istənilən başqa bir mədəni ölkədə hansısa parlament üzvü deyə bilərdimi? Əlbəttə, yox. Çünki oralarda deputat olmaq istəyən seçicinin az qala ayağına düşür, səs dilənir. Hadı Rəcəblinin isə bu cür "özünü aşağılama"ya ehtiyacı yoxdur. Ona görə də kəndçisi, qonşusu və nəhayət, seçicisi haqda nə istəsən deyə bilir.

"Təbiətin qanununu pozanda təbiət bizi biseksualizm, eynicinsli nikahların bağlanması ilə cəzalandırır". Elə bu da Hadı Rəcəblinin son "aktual kəşfləri"ndən biridir...
Şərhsiz!!!

Yeri gəldiyindən, cəza barədə. Cəzalandıran təkcə təbiətdirmi? Cəmiyyətin, konkret fərdin bir başqa fərdə qarşı cəzası da var. Nəhayət, İlahi Qiyamət!

P.S. Bunu yeri gəldiyi üçün deyirəm. Çünki yaza-yaza bir gözüm face-dədir. Və... təsadüfən gördüyümdən status və paylaşmalardan çıxardığım nəticəyə uyğun bir fikir: Ramiz Rövşən sevdiyim şairdir. Kimlərsə onu bu gün bəyənib, mənsə dünən yox, ta srağa gün. Ramiz Rövşəni özü üçün yeni kəşf edənlərə! "Mən elə bilirdim, sənsiz ölərəm, / Mən sənsiz ölmədim, məni bağışla! / "Ölmədim" deyirəm, nə bilim axı, / Bəlkə də, mən sənsiz ölmüşəm elə, / Qəbirsiz-kəfənsiz ölmüşəm elə" qəlibli şeirləri qadınların qoltuğunu şişirmək üçün yazılmayıb...

AzNews.az