Şura millimi?

Cümşüd Nuriyev



Azərbaycan müxalifətinin gözlədiyi Milli Şura (millimi?) axır ki "zühur" etdi. Siyasi yetişmə müddəti tarixi baxımdan qısa olduğu üçün nə qədər səmərəli olduğunu zaman göstərəcək. Ancaq o da məlumdur ki, bu ssenari heç də Azərbaycan dövlətinin və millətinin maraqları baxımından effektiv deyildir.

Birincisi, ssenarisi xaricdə hazırlanan və məxfi məqsədləri xalqa bəlli olmayan bu qurumun prinsipləri çox yayğındır. İlkin olaraq 51 nəfərə hesablanmış MŞ tədricən "şişməyə" başlamışdır. Eyni zamanda, Müsavat, AXCP və "EL" hərəkatının hər birindən 10 nəfər olmaqla təmsilçilik nəzərdə tutulmuşdursa, bu rəqəm indi 12-yə qaldırılmışdır. Həmçinin ALP-yə 10 nəfərlik təmsilçilik hüququ verilmişdir. Bəs digər partiyalara neçə nəfərlik təmsilçilik hüququ veriləcəkdir?

İkincisi, Milli Şuranın "Xaç atası" R.İbrahimbəyovun bir ayağının Moskvada, o biri ayağının isə Vaşinqtonda olduğunu nəzərə olsaq, ehtimal etmək olar ki, təşkilatın məramnaməsi hər iki ölkənin maraqlarına uyğun hazırlanıb. Daha doğrusu, siyasi manevr imkanları şaxələndirilib (yəni diverfikasiya olunub). Amma bir şeyi unutmaq olmaz ki, iki kürsüdə oturmaq istəyi çox qorxulu nəticələrə səbəb ola bilər. ALP-yə 10 yer verilməsi də bununla bağlıdır. Qərb təmayüllü Müsavat və AXCP-ni, şimal təmayüllü ALP və "EL" balanslaşdıracaq.

Üçüncüsü, müxalifəti parlamentdə və ondan kənarda təmsil edən digər partiyaların siyasi taleyi hələ də "qaranlıqdır". Onların müxalifət olub-olmamasına kim və hansı meyarlarla qərara verəcək? Bu günə qədər daha qatı müxalifət partiyası olan ADP-yə, onun sədri S.Cəlaloğlunun ağıllı məsləhətlərinə görə nəzərdə tutulan "cəza" (təmsilçilik hüququnun verilməməsi) hansı demokratik dəyərlərə uyğundur?

Dördüncüsü, MŞ müxalifətin prezidentliyə vahid namizəd məsələsini də bərbad etdi. Yeni namizədlərin gündəmə gəlməsi belə bir təsəvvür yaradır ki, müxalifət növbəti seçkilərdə iqtidarın namizədi olan İlham Əliyevin yenidən seçilməsinə razılıq vermişdir. Əks təqdirdə, müxalifət namizədlər "buketi" ilə seçkiyə getməzdi. Əslində, bütün bu oyunlar müxalifətin ən layiqli vahid namizədi ola biləcək İ.Qəmbəri zərərsizləşdirməyə yönəldilmişdir. Gizli oyunçular isə E.Namazov və Ə.Kərimlidir.

Beşincisi, bu necə liderdi ki, həbs olunmaqdan qorxduğuna görə Azərbaycana gəlmək istəmir. İqtidarın onu milli qəhrəman etmək istəyi yoxdur. Əgər Rüstəm müəllim belə bir tarixi "şansdan" qaçırsa onda niyə siyasətlə məşğul olur və prezident olmaq arzusundadır? Bir ittifaqı idarə edə bilməyən və çətinə düşən kimi bütün məsuliyyəti digərlərinin üzərinə atıb xaricə üz tutan R.İbrahimbəyov, bu boyda Azərbaycan dövlətini necə idarə edəcək? Bəlkə ona görə onun "vəzifə paylayanları" elan edirlər ki, Rüstəm müəllim qısa müddətə hakimiyyəti götürəcək, sonra isə E.Namazova ötürəcək. Bu ssenarilər həm 1992-ci, həm də 1993-cü illərdə "sınaqdan" keçirilmiş və özünü doğrulda bilməmişdir.
Məhəmməd (s.ə.s) Peyğəmbərin bir hədisi yerinə düşür: "Birinci dəfə məni aldadana Allah lənət eləsin, ikinci dəfə aldanıramsa Allah mənə lənət eləsin". Amin!!!

AzNews.az