"Rusiya geosiyasi vəziyyətdən istifadə edərək təzyiqləri artırır" – Həşim Səhrablı

"Avropanın Rusiyaya diplomatik baxımdan niyə məsafəli yanaşdığını anlamaq üçün əvvəlcə mövcud geosiyasi şəraiti düzgün qiymətləndirmək lazımdır. Çünki Rusiya, xüsusilə İranda baş verən son hadisələrdən sonra hesab edir ki, onun üçün daha əlverişli vəziyyət formalaşıb. Moskva düşünür ki, bu şəraitdə kollektiv Qərb qarşısında daha sərt şərtlər irəli sürmək və istədiyi nəticəni əldə etmək imkanları genişlənib. Bu yanaşmanın əsas səbəbi ondan ibarətdir ki, Ukraynanın silahlandırılmasında Avropa dövlətlərinin rolu əhəmiyyətli olsa da, həlledici faktor uzun müddət ABŞ-nin hərbi və maliyyə dəstəyi olub. Lakin İran ətrafında baş verən proseslər fonunda Avropada belə bir narahatlıq yaranıb ki, ABŞ diqqətini Ukraynadan yayındıraraq Yaxın Şərqə yönəldə bilər. Bu isə Ukrayna cəbhəsində ciddi boşluqlar və problemlər yarada bilər. Rusiya da məhz bu vəziyyəti düzgün qiymətləndirərək Avropaya təzyiqləri artırmaq, Ukraynada isə mövqelərini gücləndirmək niyyətindədir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, son dövrlərdə Avropada təhlükəsizlik mühiti nəzərəçarpacaq dərəcədə gərginləşib və daha mürəkkəb mərhələyə qədəm qoyub. Ukrayna müharibəsindən sonra Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər kəskin şəkildə pisləşərək tərəflər arasında dərin etimadsızlıq mühiti formalaşdırıb. Diplomatik əlaqələrin zəifləməsi, qarşılıqlı ittihamların intensivləşməsi və sanksiyaların genişlənməsi regionda sabitliyin getdikcə daha kövrək xarakter aldığını göstərir. Mövcud şəraitdə siyasi çevrələrdən gələn sərt açıqlamalar və artan ritorika gərginliyin yaxın zamanda səngiyəcəyinə dair gözləntiləri azaldır. Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Meman isə bildirir ki, Avropa İttifaqı Rusiya ilə diplomatik dialoqu mərhələli şəkildə məhdudlaşdırır və bu yanaşma dolayısı ilə hərbi qarşıdurmaya hazırlıq siqnalı kimi qiymətləndirilə bilər.

Siyasi şərhçi qeyd edib ki, digər tərəfdən Avropa ölkələri bu riski anlayaraq danışıqlar prosesini mümkün qədər uzatmağa çalışırlar.

"Məqsəd odur ki, İran ətrafındakı gərginlik səngisin, ABŞ-nin diqqəti yenidən Avropaya və Ukraynaya yönəlsin. Yalnız bu halda Rusiya ilə danışıqlarda daha balanslı mövqe əldə etmək mümkün ola bilər. Hazırkı mərhələdə isə istənilən danışıqlarda Rusiyanın daha sərt mövqe sərgiləyəcəyi gözlənilir. Sahədəki reallıqları nəzərə alsaq, Avropanın müəyyən mənada geri qaldığı görünür və bu, onu masa arxasında müəyyən güzəştlərə getməyə məcbur edə bilər. Məhz bu səbəbdən Avropa hazırda status-kvonun qorunmasına çalışır – həm diplomatik müstəvidə, həm də Ukrayna cəbhəsində. Əsas məqsəd vəziyyəti sabit saxlamaq və qlobal diqqətin yenidən Avropaya yönəlməsinə nail olmaqdır. Rusiya isə bu strategiyanı anlayır və paralel olaraq həm diplomatik, həm də informasiya müstəvisində fəallığını artırır. Moskva müharibənin uzanmasına görə məsuliyyəti Avropanın üzərinə qoymağa çalışır, özünü aqressor obrazından uzaqlaşdıraraq məsuliyyəti bölüşdürmək niyyətindədir. Bununla yanaşı, hərbi əməliyyatların intensivliyini də azaltmaq niyyətində deyil. Mövcud şərait Rusiyaya Ukraynada daha çox irəliləmək imkanı verə bilər. Çünki Ukraynaya dəstək əvvəlki qədər güclü olmadıqda, Moskva əldə etdiyi nəticələri daha da genişləndirməyə çalışacaq. Bu isə o deməkdir ki, yaxın dövrdə Ukrayna cəbhəsində hərbi əməliyyatların daha da kəskinləşməsi, Rusiyanın siyasi, diplomatik və hərbi təzyiqlərinin artması ehtimalı yüksəkdir. Bununla belə, qeyd etmək lazımdır ki, Avropa nə qədər çətin vəziyyətdə olsa da, kollektiv təhlükəsizlik maraqlarından geri çəkilməyəcək. Hətta ABŞ Ukraynaya dəstəyini azaltsa belə, Avropa dövlətləri Kiyevi dəstəkləməyə davam edəcəklər. Çünki bu məsələ artıq təkcə Ukraynanın taleyi deyil, bütövlükdə Avropanın təhlükəsizliyi ilə bağlıdır. Ukraynanın zəifləməsi və ya məğlubiyyəti Avropanın Rusiyadan asılılığını daha da artıran faktor kimi qiymətləndirilir. Nəticə etibarilə, Rusiya təzyiqlərini artırdıqca, Avropa da Ukraynaya dəstəyini davam etdirəcək. Bu qarşıdurma isə yalnız regional deyil, qlobal iqtisadiyyata və beynəlxalq təhlükəsizlik sisteminə də ciddi təsir göstərmək potensialına malikdir. Əgər İran ətrafındakı gərginlik qısa müddətdə səngiməzsə, dünya daha ağır və genişmiqyaslı nəticələrlə üzləşə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az