İran savaşına "Əfqanıstan sindromu" ilə yanaşmaq niyə səhvdir?

İran savaşına “Əfqanıstan sindromu”ndan baxmaq son dövrlərdə geniş yayılmış yanaşmalardan biridir.

Zənnimcə, bu müqayisə həm mahiyyət, həm də nəticə baxımından yanlışdır.

ABŞ-nin Əfqanıstandakı neqativ təcrübəsi ilə İran reallığını eyni analitik çərçivədə dəyərləndirmək metodoloji və prinsipial səhvlərə gətirib çıxarır.

Əfqanıstanda ABŞ-ın ilkin məqsədi terror şəbəkələrini zərərsizləşdirmək idi və bu istiqamətdə Əl-Qaida ciddi şəkildə zəiflədirildi. Lakin sonrakı mərhələdə strateji kurs dəyişdi və dövlət quruculuğu hədəfi ön plana çıxdı. Bu da uğursuzluğun əsas səbəbinə çevrildi. Çünki Əfqanıstan millətləşmə prosesini tamamlamamış, tayfa və klan münasibətlərinə əsaslanan parçalanmış sosial struktura malikdir. Qərb tipli mərkəzləşdirilmiş demokratik idarəetmə modeli bu reallıqla uzlaşmır. Nəticədə korrupsiyalaşmış və ictimai legitimliyini itirmiş hakimiyyət formalaşmışdı. Üstəlik Taliban qüvvələrinin Pakistan ərazisində sığınacaq tapması da müharibəni faktiki olaraq çıxılmaz vəziyyətə saldı və ABŞ cəmiyyətində “niyə oradayıq” sualını aktuallaşdırdı.

İranda isə vəziyyət tamamilə fərqli məntiq üzərində qurulub.

Burada onilliklərdir mövcud olan mərkəzləşmiş və institusionallaşmış hakimiyyət var və bu sistem yalnız ideoloji dayaqlara deyil, həm də güclü təhlükəsizlik aparatına söykənir.

Əfqanıstandan fərqli olaraq, İranda alternativ qüvvələr modernist və reformistdirlər. Bu qüvvələr cəmiyyətin öz daxilində tarixən formalaşıb və bu da mümkün dəyişiklik prosesini daxili transformasiya kimi şərtləndirir.

Yeni mərhələdə milli və siyasi hüquqların gündəmə gəlməsi qaçılmazdır. Bu da prosesi daha da dərinləşdirir və ona demokratik səciyyə verir. Odur ki, Əfqanıstandan fərqli olaraq İranda mümkün ssenari çox mərhələli transformasiya, elitlərarası balansın dəyişməsi və sistemin daxildən yenilənməsi ilə bağlıdır.

Digər mühüm fərq isə İranın qlobal və regional sistemdə tutduğu mövqedir.

İran lokasiyası, enerji ehtiyatları və regional təsir imkanları ilə qlobal maraqların kəsişdiyi nöqtəyə çevrilib və bu səbəbdən uzunmüddətli, idarəolunmaz müharibə ssenarisi böyük güclər üçün sərfəli deyil. Əfqanıstan periferik münaqişə zonası idisə, İran qlobal balansın mühüm elementidir. Burada baş verəcək proseslər daha çox idarə olunan transformasiya istiqamətində inkişaf edir.

Bu fərqləri nəzərə almadan aparılan istənilən müqayisə yanlış nəticə doğurur.

ABŞ İrana qarşı hərbi əməliyyatlar başlayarkən bu reallıqları düzgün qiymətləndirib.

Odur ki, İran ABŞ üçün "Əfqanıstan bataqlığı" olmayacaq.

Taleh ŞAHSUVARLI