Tbilisidə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi inşa olunacaq - FOTO

Tbilisidə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tikiləcək.

Aznews.az xəbər verir ki, mərkəz zəruri ictimai ehtiyac layihəsi hesab edilib və Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvilinin əmri ilə layihənin həyata keçirilməsi üçün müvafiq şirkətə 5 şəxsin daşınmaz əmlakını müsadirə etmək hüququ verilib.

Sənəddə bildirilib ki, Gürcüstanda uzun illərdir Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrı fəaliyyət göstərir, Qorqasali küçəsində yerləşən binası fəaliyyət üçün kifayət etmir və tikili qəzalı vəziyyətdədir. Azərbaycan və Gürcüstanın siyasi rəhbərliyi Qorqasali küçəsi 25 ünvanında teatr üçün yeni binanın inşasına qərar verib. 2023-cü ilin oktyabrın 27-də yeni binanın təməlqoyma mərasimi keçirilib. Daha sonra tikinti meydançasının layihələndirilməsi zamanı torpaq sahəsinin tikinti üçün kifayət etmədiyi müəyyənləşdirilib. Bu səbəbdən hər iki ölkənin rəhbərliyi tikinti meydançasının genişləndirilməsi haqqında qərar qəbul edib.

Həmin ərazidə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin inşası planlaşdırılır. Mərkəzin böyük binası 5380 metr² sahədə tikiləcək. Binada konsert zalı və mədəni tədbirlər üçün müxtəlif məkanlar yaradılacaq.

Çoxfunksiyalı mərkəzdə mədəni və akademik proqramlar həyata keçiriləcək. Mərkəz mədəni turizmin inkişafı üçün əlavə imkanlar yaradacaq və beynəlxalq mədəni tədbirlərin, sərgilərin və festivalların keçirilməsi üçün mühüm məkana çevriləcək ki, bu da öz növbəsində ölkədə iqtisadi fəallığa müsbət təsir göstərəcək və investisiya mühitinin yaxşılaşdırılmasına töhfə verəcək.

image description image description image description