Mübariz İbrahimova həsr edilmiş xalça toxundu - FOTO

"Azər-İlmə" xalçaçılıq şirkətində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş xalça toxunub. APA-nın xəbərinə görə, Azərbaycan bayrağı fonunda təsvir edilən portret-xalça Milli Qəhrəmanın doğulub, boya-başa çatdığı Biləsuvar rayonunda valideynlərinə təqdim edilib. "Azər-İlmə" şirkətinin rəhbəri Vidadi Muradovun təşəbbüsü ilə ərsəyə gələn xalça bir il yarım müddətə hazırlanıb.

Təqdimetmə mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayon ictimaiyyəti, ziyalılar və Milli Qəhrəmanın yaxınları iştirak ediblər.

İki toxucu tərəfindən toxunan portret-xalçanın ölçüsü 180x120sm-dir.

Tədbirdə İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək, Mübariz İbrahimovun daim yaddaşlarda yaşayacaq qəhrəmanlığından söhbət açıb. Vidadi Muradov isə çıxışında "Azər-İlmə" şirkəti adından Mübariz İbrahimov kimi mərd, cəsarətli, hər kəsə örnək olacaq bir ömür yolu yaşamış bir övlad böyüdən valideynlərə öz təşəkkürünü bildirib.

AzNews.az