- Köhnə - Cəmiyyət
- 10 İyul 2013 18:42
- 3 794
Nicat Dağların qayını onun səhhətindən danışdı
O bildirib ki, Nicatın səhhətində problem bir il əvvəl yaranıb: "Ayda bir-iki dəfə güclü qanaxmalar olurdu. Biz buna qanın laxtalanmasındakı problem kimi baxırdıq. Bu ilin yanvar ayından Nicat müntəzəm limon yeməyə başladı. Qanaxmaları artdı. Düşündük ki, buna limon səbəb olur. Limon qanı duruldur, ona görə qanaxmalar artır.
10 gün qabaq, Nicat Bakıda olanda güclü qanaxma olub. Onu 4 saylı xəstəxanaya aparıblar. Müəyyən yandırma, tibbi prosedura həyata keçirilib və yalnız dörd saatdan sonra qanı kəsmək mümkün olub. Bundan sonra məsləhət görüldü ki, yoxlanılsın.
2006-cı ildə Nicata fiziki hücum olmuşdu. Onun dalağına, başına, qaraciyərinə təpiklər vurulmuşdu, ağır xəsarət almışdı. Həmin hadisədən sonra Nicat xeyli müalicə olundu. Baş ağrıları müalicədən sonra keçdi. Qaraciyərinin üstünə isə elə də düşmədik. Amma bu gün Nicatın qaraciyəri həddindən artıq böyüyüb, dalağı normadan dörd dəfə böyükdür. Həkimlər bunu bizə ultrasəs müayinəsindən sonra dedilər.
Nicat həyat yoldaşıyla - bacımla bizə, Gəncəyə gəlmişdilər. Qanaxma oldu. Nicatı Gəncə xəstəxanasına apardım. İlkin yoxlamalardan sonra dedilər ki, leykozdur. Yəni qanda leykositlərin sayı normadan 10 dəfə çoxdur. Ultrasəs müayinəsi nəticəsində də qaraciyərin həddindən artıq böyüdüyü məlum oldu. Həkimlər məsləhət gördülər ki, Nicatı qan xəstəlikləri üzrə həkimə göstərək. Gürcüstan bizə yaxın olduğuna görə bacımla belə qərara gəldik ki, Gürcüstana aparaq. Yaxın qohumlarımızdan biri Tbilisidə eyni xəstəlikdən müalicə olunub. Nicatı da ora apardıq. Artıq vəziyyəti pisləşmişdi, xeyli qan itirmişdi, qaraciyərin böyüməsi onu halsız etmişdi. Qan analizini verəndən sonra "Aversi" klinikasında olduq. Son analizlərin cavabına görə, leykositlərin sayı təxminən 500 minə yaxındır. Bu onu göstərir ki, Nicat güclü şəkildə leykoz xəstəliyindən əziyyət çəkir.
Həkimlər dedilər ki, mütləq ilikdən analiz götürülməlidir. Hazırda klinikadayıq. Artıq iliyindən analiz götürülüb, cavab gözləyirik. Ola bilsin ki, Hematologiya İnstitutunda geniş müayinədən keçsin, əlavə analizlər versin. Dedilər ki, buna ehtiyac var.
Həkimlər bildirdilər ki, Gürcüstanda bu xəstəliyin müalicəsi mümkün deyil. Çünki Nicatın sağalması üçün ona ilik köçürülməlidir. Bu əməliyyat isə yalnız Almaniyada mümkündür. Orada ilik köçürülsə, xəstəliyi müalicə etmək mümkündür. Buradan qayıdandan sonra Almaniyaya aparmaq istəyirik. Bunun üçün dövlətin, xeyirxah insanların, jurnalistlərin köməyinə ehtiyacımız var. İnanırıq ki, prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva bizim müraciətimizə biganə qalmayacaq, köməklərini əsirgəməyəcəklər.
Artıq bank hesabları da açılıb. İnanırıq ki, bizə kömək olacaqlar, hər kəs əlindən gələn köməyi edəcək. Almaniyada leykoz xəstəliyindən müalicə olunub gələnlərin dediyinə görə, ilik donorunun tapılması üçün təxminən 30-35 min avro lazımdır. Bundan başqa əməliyyat haqqı, yol pulu var.
Hazırda Nicatın durumu ağırdır. Yanında mən və həyat yoldaşı qalır. Özü xəstəliyinin ciddi olduğunu bilmir, yanında danışmırıq. Amma ciddi narahatdır. Qida qəbulunda problem yoxdur, normal qidalanır. Dərmanlar yazılıb, onları qəbul edir. Həkimlər dedilər ki, leykositlər çox yüksəkdir, hər an güclü qanaxma ola bilər.
İctimaiyyətdən ciddi dəstək var. Deputatlar Qənirə Paşayeva, Çingiz Qənizadə, Mətbuat Şurasının sədri Əflatun Amaşov, jurnalistlər zəng ediblər".
AzNews.az