İmtahan nəticələri bu gün və ya sabah bəlli olacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 3-cü qrup üzrə qəbul imtahanından sonra abituriyentlərin komissiyaya ünvanladıqları əsas sualları açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu suallar əsasən imtahan nəticələrinin nə zaman açıqlanacağı, müsabiqədə iştirak üçün neçə balın tələb olunması və kolleclərə (texnikumlara) qəbulun necə aparılacağı ilə bağlı olub.

İmtahanın cavablarının nə vaxt çıxacağı ilə bağlı suala cavabda qeyd olunub ki, 3-cü qrup üzrə imtahan nəticələrinin iyulun 16-da və ya 17-də elan olunması nəzərdə tutulur. Bu, cavab kartlarının və imtahan protokollarının emalının tamamlanmasından asılıdır.

Müsabiqədə iştirak üçün neçə balın tələb olunmasına gəlincə, bildirilib ki, hazırkı müsabiqə şərtlərinə əsasən ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçimində iştirak edə bilərlər.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılması üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Amma müsabiqə şərtlərində hər hansı dəyişiklik imtahanın nəticələrindən asılı ola bilər.

Kolleclərə (texnikumlara) qəbulun necə aparılacağı ilə bağlı suala cavabda isə vurğulanıb ki, ali təhsil müəssisələrinə qəbul prosesi yekunlaşdıqda kolleclərə ixtisas seçimi aparılacaq. Abituriyentlər ali məktəbə keçirilmiş imtahanda topladıqları ballarla müsabiqədə iştirak edəcəklər. Bununla bağlı həmin ərəfədə - yəni avqustun ortalarında elan, qəbul aparılan ixtisasların siyahısı və digər zəruri məlumatlar "Abituriyent" jurnalında elan olunacaq.

AzNews.az