- Köhnə - Cəmiyyət
- 17 İyul 2013 10:27
- 3 514
Polis rəisi: “Lütfəli Babayevin nə dediyi mənə maraqlı deyil” – Özəl
Zərdab rayonunun icra başçısı Lütfəli Babayev mətbuata açıqlamasında qardaşı oğlunun avtoxuliqanlıq üstündə həbs edilməsinə münasibət bildirib. İcra başçısı "qafqazinfo"ya açıqlamasında bu hadisənin səbəbinin onunla bağlı olduğunu, polis rəisinin ondan qisas almaq istədiyini deyib.
L.Babayev qardaşı oğlunu saxlayan Mingəçevirin polis rəisi Ələsgər Bədəlovun özünün içkili olduğunu, bu hərəkəti də qisas məqsədi ilə etdiyini deyib. O bildirib ki, həmin polis rəisi uzun müddətdən bəri davam edən ədavət üstündə onun qohumlarına qarşı şantaj xarakterli materiallar yayır: "Mən Mingəçevirdə icra başçısı olan zaman bu adamın qanunsuz əməllərindən edilən şikayətlərin əlindən bezmişdim. Bu adam Azərbaycanın hətta beynəxlaq nüfuzuna mənfi təsir edən hərəkətlərin müəllifidir. Yadınızdadırsa, bir neçə il əvvəl Qarabağ əlilini polis şöbəsində döyüb öldürmüşdülər. Uzun zaman bu biabırçılığa görə başımız ağrıdı. O vaxt bu hadisəyə görə 9 nəfər həbs edilmişdi, rəis Ələsgər Bədəlov isə ciddi şəkildə cəzalandırılmışdı. Bir dəfə də 5 yaşlı qardaşım oğlunu 25 yaşlı qonşunu döyməkdə ittiham etmişdi. Axund qardaşım Xanəli Babayevin narkotik qaçaqmalçısı olması haqda xəbər yaymışdı. Bu xəbərlərin heç biri doğru çıxmayıb. İndi də bu hadisəni qəsdən yayır.
Məsələ belə olub ki, rəis karyerdə işləyən qardaşım oğlundan qum istəyib. Uşaq da qumu verməyib. Buna görə karyerin KamAz-larından birini cərimələyib. Uşağı da şillə ilə vurub.
Maraqlıdır ki, bu adam seçki öncəsi belə mənasız və təxribat xarakterli xəbərləri niyə yaradır və yayır? Bu məqamı araşdırmaq lazımdır? Yaxşı olar ki, adam qanunun aliliyini gözləsin. Böhtan xarakterli xəbərlər yaymaqla məşğul olmasın".
Haqqında bu qədər ittiham səslənən Mingəçevirin polis rəisi məsələ ilə bağlı AzNews.az-a açıqlama verib.
Ə.Bədəlov Zərday rayonunun icra başçısının onun haqqında səsləndirdiyi ittihamlara cavab vermək istəməyib. O bildirib ki, Lütfəli Babayevin dedikləri ona maraqlı deyil: "Mən onun nə dediyini bilmirəm. Lütvəli Babayevin barəmdə dedikləri mənə maraqlı deyil".
Xatırladaq ki, Lütfəli Babayevin qardaşı oğlu, Babayev Yadigar Şahvəli oğlu dünən Mingəçevir polisi tərəfindən saxlanılıb. Onun avtoxuliqanlıq etdiyinə görə saxlanıldığı bildirilir.
Ruhiyyə
AzNews.az