XİN “persona non qrata” elan edilən şəxslərin adını açıqladı

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiklərinə görə "persona non qrata" elan edilmiş şəxslərin siyahısını açıqlayıb.


XİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, siyahıya Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiklərinə görə ölkəyə gəlməsi arzuolunmaz hesab edilən şəxslərin adları daxildir.

"Arzuolunmaz şəxslər"in siyahısında 335 nəfərin adı var. Siyahıda Böyük Britaniya Lordlar Palatasının üzvü Baronessa Kerolayn Koks, Argentina parlamentinin deputatı Xose Arbo, Rusiya Siyasi və Hərbi Təhlil İnstitutunun beynəlxalq münasibətlər şöbəsinin rəisi Sergey Markedonov, Rusiya Dövlət Dumasının deputatı Maksim Mişşenko, Dumanın MDB və həmvətənlərlə iş komitəsi sədrinin birinci müavini, MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulin, Almaniya Berlin Akademiyasının prezidenti Eckart D.Stratenschulten, İran İslam Respublikası parlamentinin deputatı Rubik Sardaryan, Fransa Milli Assambleyasının üzvü Fransua Roşblan, Fransa Milli Assambleyasının deputatları Jorj Kolombye və Valeri Boyer, müğənni Monserrat Kabalyen, Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş nümayəndəsi Piter Semnebi və başqalarının adları var.

Siyahıda göstərilən şəxslər "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" qanunu pozduqlarına və Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə hörmət etmədiklərinə görə arzuolunmaz şəxslər elan olunublar və onlara Azərbaycana gəlmələrinə icazə verilməyib.

AzNews.az