“Qorxaqlıq heç kəsə uğur gətirməyib” – Müsahibə

Baş redaktor sentyabrdan yeni layihələrlə oxucuların görüşünə gələcəklərinin iddialı anonsunu verdi

Publika.az saytı sentyabrda yeni layihələrlə oxucuların görüşünə gələcək. Saytın baş redaktoru Aynur Camalqızı AzNews.az-a müsahibəsində saytın yeni ofisə köçməsindən və layihələrdən danışıb.

- Aynur xanım, yeni ofisə köçməyinizin səbəbi nə oldu?

- Komandamız genişlənirdi. Artıq çoxdandır ki, köhnə ofisimizdə yer problemi ilə üzləşirdik. Ona görə də yeni ofisə köçmək qərarına gəldik.

- Amma şəhərin mərkəzindən nisbətən kənara getmisiz...

- Yeni ofisimiz Metronun "Dərnəgül" stansiyasının yaxınlığındadır. Şəhərin mərkəzində ofis icarəyə götürmək çox bahadır. Buna görə də məcburən mərkəzdən kənarda ofis götürməli olduq.

- Yəni əməkdaş sayında yeni ofisə köçməyə məcbur edəcək qədər artım olacaq. Sirr deyilsə, indi neçə əməkdaşınız var?

- Dəqiq say deyə bilmərəm. Bunun üçün əmək haqqı cədvəlinə baxmalıyam. Amma onu deyə bilərəm ki, ilk başladığımız dövrlərdən etibarən sayımız 4-5 dəfə artıb. Bu, yeni layihələrin hazırlığı ilə də bağlıdır. Ədəbiyyatla bağlı yeni sayt, yeni xəbər saytı, internet televiziyası ilə bağlı layihələrimiz var.

- Yeni layihələrə nə zaman start veriləcək?

- Nəzərdə tutduğumuz layihələri ən geci sentyabra qədər reallaşdıracağıq.

- Bu layihələrdə məşhur imzaları görə biləcəyikmi?

- Əlbəttə. Artıq danışıqlar aparılıb, ilkin razılıq əldə edilib. Azərbaycan mətbuatında öz sözünü deyən məşhur imzaları bizimlə əməkdaşlığa cəlb edəcəyik.

- Yeni layihələrdən danışanda ədəbiyyat saytının da adını çəkdiniz. Amma artıq ortada ədəbiyyatla bağlı sayt təcrübəsi var. Sizi fərqləndirən nə olacaq?

- Əslində bizim layihə təkcə ədəbiyyatla bağlı yox, sənətin bütün sahələri ilə bağlı olacaq. Ədəbiyyatı da, memarlığı da, sənətin digər sahələrini də əhatə edəcək. Amma ədəbiyyata daha çox diqqət yetiriləcək. Mən belə düşünürəm ki, bu, Azərbaycanda ilk olacaq. İndiyə qədər bu sahədəki layihələr dar çərçivədə fəaliyyət göstəriblər. Çərçivədən kənara çıxmağa ya cəsarətləri çatmayıb, ya da buna imkanları olmayıb. Biz tamamilə fərqli bir layihə ortaya qoyacağıq.

- Sizə elə gəlmirmi ki, kifayət qədər iddialı səslənir?

- Təbii ki, iddialıyıq. Qorxaqlıq indiyə qədər heç kəsə uğur gətirməyib.

Elnarə Əlosmanqızı
AzNews.az