Yoxlamaların nəticəsi Milli Məclisə təqdim edildi

Rayon icra hakimiyyətləri və nazirliklərində maliyyə yoxlamaları aparılıb. Bu barədə Modern.az-a Hesablama Palatasından məlumat verilib.

Belə ki, Hesablama Palatasının ötən ay keçirilən Kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin mərkəzi aparatının saxlanmasına, Nazirlik üzrə tədbirlərə və onun tabeliyində olan müəssisələrə (seçmə qaydada) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası, dövlət büdcəsindən Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu, ehtiyat fondları, mənzil və kommunal təsərrüfatı bölmələrindən Sumqayıt şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, dövlət büdcəsinin yerli xərclərindən Sabirabad rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası üzrə auditlərin nəticələrinə dair Hesabat və Rəylər geniş müzakirə edilib. Nəticələr təsdiq olunub və nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilib.

Cari ilin avqust ayında isə Tərtər, Zaqatala, Şəmkir, Gədəbəy rayonlarında, eləcə də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində, Dövlət Statistika Komitəsində maliyyə yoxlamalarının nəticələri Milli Məclisə təqdim olunub.

Hesablama Palatasının 2013-cü il 2 avqust tarixində keçirilən Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Tərtər Rayon İcra Hakimiyyətinə inzibati və sosial obyektlərin təmiri və tikintisinə ayrılan vəsaitlərdən istifadəsi, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin aparatının saxlanmasına, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramına və tədbirlərə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası, Nazirliyin tabeliyindəki qurumların (seçmə qaydada) maliyyə təsərrüfat fəaliyyəti, Zaqatala rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən və əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ayrılan vəsaitlərin istifadəsi, Şəmkir və Gədəbəy rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadəsi vəziyyəti üzrə auditlərin nəticələrinə dair Hesabat və Rəylər geniş müzakirə edilərək qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.

AzNews.az