Kişini kiçildib, qadını şişirtmək

Baba Vəziroğlu imzasına hörmət etdiyim qələm sahiblərindən biridir.

Biz ötən ay eyni teleproqramda iştirak edirdik. Cəmiyyətdə kişinin və qadının rolu barədə müzakirələr başlayanda, Baba müəllim belə dedi: "Həyatımızda qadının özünəməxsus yeri var. Amma bunu şişirtmək lazım deyil".

Auditoriyada qadınlar çoxluq təşkil etdiyi üçün etiraz edənlərin statistikasını aparmağa macal tapmadım. Hətta verilişin xanım aparıcısı da tərəfkeşlik edib, öz həmcinslərinin müdafiəsinə qalxdı. Nizamidən üzü bu tərəfə əli qələm tutan bütün söz adamlarının qadınların şəninə şeir qoşub, mahnı bəstələməsi təsirsiz ötüşmədi. Çəkiliş zalındakı kişilər belə gözlərini bərəldib, təəccüblə Baba Vəziroğluna baxırdılar...

Son vaxtlar bu sual yenə aktuallaşıb: cəmiyyətdə kişinin rolu böyükdür, yoxsa qadının? Bəzi özündənrazı kişi yazarlar tərəddüd etmədən qadını arxa plana keçirirlər. Mən, hətta bu cür iddialara da rast gəlmişəm: evdə oturub yemək bişirmək qadının öz seçimidir. Bəzi həmkarlarım hesab edirlər ki, ibtidai icma quruluşunda vəhşi heyvanları ovlamaq, balıq tutmaq, mağaranı yırtıcıların hücumundan qorumaq çətin olduğu üçün qadınlar özləri könüllü şəkildə uşaqlara qulluq etməyi seçiblər. Mən, uzun illərdən bəri qadın hüquqlarının qızğın təbliğatçılarından biri olduğum üçün bu cür iddiaları yaxın buraxmıram. Amma qadınların zərif cinsin nümayəndələri olduqlarını əsas gətirib, kişilərdən xüsusi imtiyaz tələb etmələrini də doğru saymıram.

Qədim türklər qadınlara xüsusi münasibətilə seçilib. İslam dini də əks cinsin nümayəndələrinə saysız-hesabsız haqq və hüquq verir. İslam peyğəmbərinin analarımız haqda dediyi məşhur kəlamı xatırlamaqla buna bir daha əmin ola bilərik. Elə bilirəm ki, biz türk-islam toplumu olaraq qadınlarımıza həmişə layiq olduğu qiyməti vermişik.

Bəlkə də sizə qəribə görünəcək, mənə elə gəlir ki, qadınlardan fərqli olaraq, kişilər cəmiyyətdə layiq olduğu qiyməti ala bilməyiblər. Məgər zavodda çalışmaq, yaxud kənddə əkin-biçinlə məşğul olmaq yemək bişirməkdən, qab yumaqdan asandır? Bu sətirləri yaza-yaza açıq pəncərədən qarşıdakı göydələni seyr edirəm. Bu nəhəng bina kişi əməyinin məhsuludur. Bakı kişilərin əlinin qabarı, alnının təri ilə sürətlə böyüyür, abadlaşır. Yoxsa, tor zənbildə bazardan evə göy-göyərti daşımaq ikinci mərtəbəyə kərpic daşımaqdan daha çətindir?

Hazırda fikrim kompüterin ekranında olsa da, gözümün ucu ilə yerli telekanalların birində nümayiş olunan "Ögey ana" filminə tamaşa edirəm. Dilarə müsbət qəhrəmandır, bir ana, bir qadın kimi mənim ona sonsuz rəğbətim var. Amma Arif də əlini əlinin üstünə qoyub oturmayıb axı. Dilarə uşaqlara yemək bişirəndə, çirkli qabları yuyanda Arif sıldırım qayaları partladıb, kəndə yol çəkir. Demək istədiyim odur ki, qadın faktorunun ön plana çəkildiyi bu filmdə belə onun tərəf -müqabili olan kişi heç də öz həyat yoldaşından az əziyyət çəkmir.

Cəmiyyətdə kişinin də, qadının da öz yeri var. Kişini kiçildib, qadını şişirtmək doğru deyil.

lent.az