İsmət Abbasova Fəxri Doktor titulu verildi

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Macarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Jolt Çutoranı qəbul edib. O, hər iki ölkə arasında dostluq əlaqələrinin uğurla davam etdirildiyini vurğuladyıb.

Nazir dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğısı sayəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı heyvandarlıq sahəsinin də dinamik inkişaf etdiyini qeyd edib. Respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırmaq, o cümlədən heyvandarlıqda süni mayalanmanın öyrənilməsi istiqamətində beynəlxalq təcrübənin tətbiq edilməsi, "Aqrolizinq" ASC-nin xətti ilə hər il respublikaya yeni cins mal-qaranın gətirilməsi nəticəsində ət və süd istehsalının ilbəil artdığını deyib.

Azərbaycanla Macarıstan arasında bütün sahələrdə, o cümlədən kənd təsərrüfat sahəsində əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan nazir İsmət Abasov hər iki ölkənin aqrar sahədə böyük potensiala malik olduğunu və bu potensialın reallaşdırılması üçün tərəflərin aiddiyyəti qurumları arasında birbaşa təmasların sayının artırılmasının vacibliyini bildirib.

Nazir İsmət Abasov Macarıstan Kapoşvar Universitetinin Fəxri Doktoru tituluna layiq görüldüyü üçün səfir Jolt Çutoraya öz təşəkkürünü bildirdi və Kapoşvar Universitetinin senatının bu qərarının iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün zəmin yaradacağını bildirib. Səfir Jolt Çutora cari iln 30 avqust – 01 sentyabr tarixlərində Macarıstanın Kapoşvar şəhərində keçriləcək "Kapoşvarın VII Damazlıq Günləri" sərgisinin keçiriləcəyini diqqətə çatdırıb və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin bu tədbirdə təmsil olunmasını xahiş edib. Nazir İsmət Abasov kənd təsərrüfatı naziri, yaxud da nazir müavini ilə adıçəkilən tədbirdə təmsil olunacağını vəd edib.

Daha sonra tərəflər arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu kontekstdə, nazir İsmət Abasov 2012-ci ilin aprel ayında Bakı şəhərində keçirilmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə Regional Konfransı zamanı macarıstanın kəndin inkişafı naziri cənab Şandor Fazekaş ilə keçirilmiş görüşü vurğulayaraq, görüş zamanı aparılmış müzakirələrin aqrar sahədə ikitərəfli əlaqələrə təkan verdiyini diqqətə çatdırıb.

Nazir İsmət Abasov iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın müqavilə-hüquq bazasının yaradılması məqsədilə 2008-ci ildə Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Macarıstan Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in müddəalarının həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə yaradılmış Kənd təsərrüfatı və ərzaq sənayesi üzrə İşçi Qrupun fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.

AzNews.az