Şəxsi həyatla bağlı qanunsuz videoyazılar məhv ediləcək

Jurnalistlərin bu prosesi müşahidə etməsinə imkan yaradılacaq



Gürcüstanın Daxili İşlər Nazirliyi vətəndaşların şəxsi həyatı ilə bağlı qanunsuz videoyazıları məhv edəcək.

Bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsi Nino Qeorqobiani məlumat verib. Məhvetmə əməliyyatı sentyabrın 5-də saat 15.00-a təyin olunub. Jurnalistlərin bu prosesi müşahidə etməsinə imkan yaradılacaq.

Ancaq DİN hələlik söhbətin hansı həcmdə materiallardan getdiyini açıqlamayıb. Materialların məhv edilməsi ilə bağlı qərarı xüsusi komissiya qəbul edib. Komissiyada əsasən DİN, Ədliyyə Nazirliyi, QHT və KİV nümayəndələri təmsil olunub.

Son aylarda Gürcüstanda ayrı-ayrı şəxslərin şəxsi həyatı ilə bağlı videoyazılar aşkar edilib. Son belə hadisə isə Samarqeloda aparılan əməliyyat zamanı üzə çıxıb. Torpağa basdırılan narkotik maddə və silahla yanaşı, keçmiş iqtidara müxalifətdə dayananların şəxsi həyatı ilə bağlı materiallar tapılıb.

Elnarə
AzNews.az