Qafqaz Müsəlmanları “Azal”dan niyə imtina edib?

Bu il də Həcc ziyarətinə yollanan zəvvarlarımız, ötən il olduğu kimi, "AZAL"ın deyil, Fransanın avia şirkətlərindən birinin xidmətindən bəhrələnəcək.

Səbəbini aydınlaşdırmaq üçün Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq. QMİ Həcc ziyarəti şöbəsinin müdiri Hacı Vidadi bu barədə məlumatı olmadığını söyləyib.

"AZAL"ın xidmət rəisi Məhərrəm Səfərli isə bunu ölkədəki demokratiya ilə əlaqələndirib: "Kim hansı şirkətlə istəyir, onunla da müqavilə bağlayır. Bizim onsuz da işimiz çoxdur. "AZAL" öz uçuşlarını daima, özü də yüksək səviyyədə həyata keçirir. Təbii, Qafqaz Müsəlmanları İdarəsi bizə bu haqda müraciət etsəydi, sözsüz ki, müsbət cavab verəcəkdik". Xatırladaq ki, bu il müqəddəs Həcc ziyarətinə ölkəmizdən 3.280 zəvvar yola salınacaq. Onları 100 nəfər dindar qrup rəhbəri müşayiət edəcək.

Onu da qeyd edək ki, budəfəki ziyarət ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərinə təsadüf etdiyindən zəvvar-seçicilərimiz Məkkədə Azərbaycan nümayəndəliyində seçimlərini edəcəklər.

Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi MSK ilə birgə vətəndaşlarımızın prezident seçkilərində səs verməsini təmin etmək üçün gərəkən işləri görüblər. Zəvvarlar və onları müşahidə edən qrup rəhbərləri qeydiyyatda olduqları seçki dairələrindən çıxarılış vərəqələri alıblar və Məkkədəki Azərbaycan nümayəndəliyində səs verəcəklər.

Xəbər "Axar.az"dan gəlir