Jurnalistlər yeni mənzillərinə nə vaxt köçəcək?

Jurnalistlərin binasında sənədləşmə işləri sentyabrın sonunadək tamamlanacaq. APA-nın məlumatına görə, bu gün binada Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən diaqnostika aparılıb.

FHN-in rəyi hazır olduqdan sonra sənədlər orderin alınması üçün Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunacaq.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan bildirilib ki, artıq sakinlər mənzillərinə əşyaları, mebelləri yerləşdirə bilərlər. Sənədləşmə işləri tamamlandıqdan sonra binada mənzil almış jurnalistlər Fonda çağırılaraq onlara mənzillərin orderləri və açarlar veriləcək.

Qeyd edək ki, avqustun sonlarında jurnalistlər üçün binanın inşa edildiyi küçəyə ünvan verilib. Binanın yerləşdiyi küçə Yeni Salyan yolu adlandırılıb.

AzNews.az