Siyəzəndə qadınların seçki toplantısı - FOTOLAR

Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində qadınları fəal iştiraka çağıran "Qadınlar və seçkilər" koalisiyası Siyəzən rayonunda yaşayan və işləyən qadınlarla görüşüb.

250-yə qədər qadının iştirak etdiyi görüşdə çıxış edən koalisiya rəhbəri Aynur Quliyeva qadınları səsvermə günü fəal vətəndaş mövqeyi nümayiş etdirərək, seçkidə iştirak etməyə çağırıb. O qeyd edib ki, Şərq ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1918-ci ildə qadınlara seçki hüququnun verilməsi mütərəqqi haldır. Müqayisə üçün qadınlar ABŞ-da 1919, Türkiyədə isə 1934-cü ildən seçkiyə buraxılıblar. Bu baxımdan azərbaycanlı qadınların seçki mədəniyyətinin yüksək olduğunu bildirən Aynur Quliyeva qadınların nəinki səsvermə, eyni zamanda seçkili orqanlarda iştirak səviyyəsinin yüksək olduğunu bildirib.

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Heydərov rayon əhalisinin tam yarısını qadınların təşkil etdiyini və onların ictimai, idarəetmə, təhsil və səhiyyə sistemində fəal olduqlarını qeyd edib. Etibar Heydərov qadınların böyük qüvvə olduğunu xatırlatdı və hər bir qadını yaxın ətrafında təbliğat apararaq səsvermədə fəal iştiraka çağırmağa dəvət edib.

"Qadınlar və seçkilər" koalisiyasının eksperti Fainə Hənifəyeva qadınlara seçki hüququnun verilməsinin tarixindən bəhs edərkən qeyd edib ki, qadınlar heç də hər zaman səsverməyə buraxılmayıb. Qadınlara səsvermə hüququ verilməsi üçün 19-cu əsrin ikinci yarısından qadın fəallar mübarizə aparıblar, onların mübarizəsi illərlə davam edib və bu, bir çoxlarının həyatı, sağlamlığı, ailə bütövlüyü hesabına başa gəlib. Avropalı və amerikalı qadınlardan fərqli olaraq azərbaycanlı qadınlar seçki hüququna daha asan yiyələniblər:

"Azərbaycan Demokratik Respublikası qurularkən o dövrün aydınları dünyanın hansı istiqamətə getdiyini anlayırdılar və qadınların özləri hazır olmasa belə, onlara seçki hüququ verilib. Qısa müddətdə sovet hökumətinin direktiv fəaliyyəti əsasında qadınlar sürətlə seçkili orqanların işində iştirak etməyə başladılar və artıq 1939-cu ildə 457 min qadın şəhər, vilayət, respublika Ali Məclislərinin üzvləri idi"

Görüşdə əslən Siyəzəndən olan müğənni, Respublikanın Əməkdar artisti Elza Seyidcahan siyəzənli qadınların təhsilli, savadlı olmağa xüsusi diqqət yetirdiklərini, içtimai işlərdə fəal iştirak etmələrini qeyd edib. Müğənni prezident seçkiləri ilə əlaqədar sentyabrın 19-da "Uğura doğru" şüarı altında konsert verəcəyini bildirib.

Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə yardımı ilə yaradılan "Qadınlar və seçkilər" koalisiyasına 5 qadın təşkilatı daxildi. "Prezident seçkilərində qadın seçicilərin seçki aktivliyinin artırılması" layihəsi çərçivəsində Bakının 2 rayonu daxil olmaqla, ümumilikdə 12 rayonda yerli qadın seçicilərin iştirakı ilə konfransların keçirilməsi nəzərdə tutulub.(publika.az)

image description image description image description image description image description image description