Regional QHT “exit-poll” keçirəcək

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyi oktyabrın 9-da prezident seçkilərində səslərin alternativ qaydada hesablanması məqsədilə "exit-poll" təşkil edəcək.

Bu barədə QHT-nin prezidenti Elçin Məmməd bildirib. Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq lazımi sənədlər artıq hazırlanıb və akkreditasiyadan keçmək üçün MSK-ya təqdim olunub.

"Exit-poll" sorğusu 17 rayon və şəhəri əhatə edəcək. 306 seçki məntəqəsi olmaqla, 34 seçki dairəsində "exit-poll" tədqiqatı aparılması nəzərdə tutulub. Sorğuların aparılmasında hər məntəqə üzrə 2 intervüer, ümumilikdə 306 intervüer iştirak edəcək və "exit-poll" sorğuları səsvermədə iştirak edən hər 5 nəfər seçicidən biri olmaqla keçiriləcək. "Exit-poll"un nəticələri hər 2 saatdan bir ictimaiyyətə açıqlanacaq. Ukraynanın Beynəlxalq Siyasi Təhsil Mərkəzi, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu, "Demokratik Təşəbbüs" Fondu, Demokratiya Uğrunda İnstitutu təşkilatın bu sahədəki fəaliyyətinə yaxından dəstək olacaq.

Elnur
AzNews.az