İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.

Dövlət başçısı mərkəzin fəaliyyəti ilə tanış olub. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verib ki, Bakının Yasamal, Səbail və Qaradağ rayonlarının əhalisinə xidmət göstərəcək mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcək. Bunun üçün ən müasir avadanlıq quraşdırılıb.

Bildirilib ki, mərkəzdə ilk dəfə olaraq elektron şikayət köşkü və elektron rəy sorğusu xidmətləri göstəriləcək. Elektron şikayət köşkündə "Skype" vasitəsilə vətəndaşların online qəbulu keçirilərək onların şikayətlərinə operativ şəkildə baxılacaq.

Elektron rəy sorğusu vasitəsilə isə gündəlik vətəndaş məmnunluğunun səviyyəsi müəyyən ediləcək.

Qeyd edilib ki, mərkəz daim internetə açıq olan kompyuterlərlə təchiz edilib. Burada vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanmaları üçün şərait yaradılıb. Mərkəzdə əlillər üçün də hər cür imkan vardır. Gözdən əlillərin sərbəst hərəkəti üçün isə döşəməyə xüsusi örtüklər vurulmuş, lövhələr onların oxuya bildiyi müvafiq hərflərlə hazırlanıb.

Bildirilib ki, "ASAN xidmət" mərkəzində vətəndaşların gözləyərkən vaxtlarını səmərəli keçirmələri üçün funksional-yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin haqqının, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaq.

Diqqətə çatdırılıb ki, "ASAN xidmət" mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı salınmasının, şəffaflığın təmin edilməsinin, korrupsiya hallarının istisna olunmasının, müasir texnologiyaların, "bir qapı" prinsipinin tətbiqinin, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır.

Azərbaycan Prezidentinə "ASAN imza" sertifikatı və "ASAN imza" Sim kartı təqdim edilib.

Dövlət başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verib.


AzNews.az