Namizədlər “Azərbaycan“ qəzetində püşk atdı

"Azərbaycan" qəzetində prezidentliyə namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarının dərci ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib

"Qafqazinfo"ya daxil olan məlumata görə, oktyabrın 9-da keçiriləcək perezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına artıq start verilib. Rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzeti də namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarına yer ayırıb.

Dünən "Azərbaycan" qəzetinin redaksiyasında namizədlərin təşviqat materiallarının səhifələrdə yerləşdirilməsi ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib.

Qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən redaksiya Püşkatma Komissiyasının sədri, "Azərbaycan" qəzetinin Parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli bildirib ki, rəsmi dövlət nəşri olan "Azərbaycan" qəzeti 9 oktyabr prezident seçkilərinin təbliğat və təşviqat kampaniyasında fəaliyyətini Azərbaycan Respublikasının Seçki Məcəlləsinin və Mərkəzi Seçki Komissiyasının "Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında" Təlimatına əsasən müəyyənləşdirib. Rəsmi dövlət qəzeti prezidentliyə qeydə alınmış namizədlər üçün ödənizsiz əsaslarla təşviqat materiallarına yer ayırıb:

"Qanunvericiliyə uyğun olaraq həftəlik nəşr səhifələrimizin ən azı 10 faizini prezidentliyə qeydə alınmış namizədlər üçün ödənişsiz əsaslarla təşviqat materiallarına ayırmalıyıq. Həftədə 6 dəfə 8 səhifə həcmində nəşr olunan qəzetimizin müvafiq olaraq, hər təşviqat həftəsi üçün 5 səhifəni qeydə alınmış namizədlər üçün bərabər bölünmə qaydasında ayırır".

İxtiyar Hüseynli əlavə edib ki, üç təşviqat həftəsi çərçivəsində 10 namizədin təbliğat-təşviqat materialları qəzetin cümə, şənbə və bazar günü nömrələrində nəşr olunacaq: "Qəzetdə dərc ediləcək təbliğat-təşviqat materialları hər namizəd üçün A-2 formatlı qəzetdə yarım səhifə, yəni 1000 kv.sm nəzərdə tutulur. Namizədlərin reklam materiallarının dərci ardıcılığında ədalətlilik və bərabərhüquqluluq təmin olunub. Belə ki, hər namizədin ilk səhifədə, yaxud da qəzetin üst hissəsində təşviqat materialını yerləşdirmək imkanı olacaq".

Sonra namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib.

Püşkatmadan sonra səlahiyyətli nümayəndələri maraqlandıran bütün suallara aydınlıq gətirilib. Püşkatmanın şəffaf keçirildiyini bildirən, həmçinin prosedur qaydalarının ədalətli olduğunu xüsusi vurğulayan səlahiyyətli nümayəndələr sonda təklif veriblər.

"Azərbaycan" qəzetində keçirilən püşkatmanın bütün tərəflərin razılıqla qarşılaması və seçki qanunvericiliyinə tam uyğunluğu nəzərə alınaraq digər üç rəsmi KİV üçün bu püşkatma qaydalarının meyar kimi seçilməsi, onların da namizədlərin təşviqat materiallarının məhz bu formatda səhifələrində yerləşirmələri birgə təşəbbüs kimi irəli sürülüb.

AzNews.az